Şəhid Vəliyulla Əliyev və Hüseyn Novruzzadənin məzarları ziyarət olunub



İkinci Fəxri xiyabanda 2023-cü ilin 19-20 sentyabr tarixində Lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş baş leytenant Əliyev Vəliyulla Elmanoviç və əsgər Novruzzadə Hüseyn Faiq oğlunun şəhadətlərinin ikinci ildönümündə məzarları ziyarət olunub.
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının
sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi
iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir
İsmiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Göydəniz Qəhrəmanov, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yeni Azərbaycan
Partiyası (YAP) Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin
əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət
nümayəndələri şəhidlərin məzarlarını ziyarət edib, önlərinə tər güllər düzüb,
ruhlarına dualar oxuyublar.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və
qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin Sərəncamlarına
əsasən şəhid Əliyev Vəliyulla Elmanoviç sağlığında “Cəsur döyüşçü”, “Cəbrayılın
azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad
olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə, şəhadətindən
sonra isə 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə təltif
edilib. Şəhid Novruzzadə Hüseyn Faiq oğlu isə şəhadətindən sonra “Qarabağ”
ordeni”, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı
ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
14:21 19.09.2025
Oxunuş sayı: 3952