“Əl-Əhram”ın köhnə saylarında Azərbaycanla bağlı çoxlu xəbərlər olub


Bu yaxınlarda 150 illiyini qeyd edəcəyimiz “əl-Əhram” qəzeti ilk saylarından dünya ölkələrində baş verən hadisələr barədə xəbərlər dərc edib. 1875-ci ildə təsis edilən gündəlik qəzetin birinci sayı 1876-cı il avqustun 5-də işıq üzü görüb. Bu vaxtdan ölkəmiz və orada baş vermiş mühüm hadisələr qəzetimizin daim maraq dairəsində olub. Bunu “əl-Əhram” mətbuat müəssisəsinin nəzdində İnformasiya Texnologiyaları mərkəzinin direktoru Əşrəf Bədr deyib.
Ə.Bədr qeyd edib ki, müəssisədə “əl-Əhram” qəzeti də daxil olmaqla 18 jurnal və qəzet nəşr edilir. Müasir rəqəmsallaşma dövründə bütün nəşrlərin elektron nüsxələri mövcuddur. “Bizim mərkəzdə müəssisənin əksər nəşrlərinin mikrofilmləri saxlanılır. Əlimizdə olan “əl-Əhram” qəzetinin, demək olar ki, bütün nömrələrinin mikrofilmləri və rəqəmsal formata keçirilmiş nüsxələri var. Rəqəmsal fayllar üzrə axtarış verdikdə, qəzetin qədim saylarındakı xəbərlər arasında Azərbaycan adına yüzlərlə yerdə rast gəlirik”, - deyə həmsöhbət bildirib.
“Əl-Əhram”ın 1919-cu il iyulun 27-də çıxmış sayında “Azərbaycan hökuməti və Parisdəki nümayəndə heyəti istiqlal tələb edir” ünvanlı xəbərdə ölkəmizin vəziyyəti, ərazisi və nümayəndə heyətinin üzvləri haqqında məlumat verilir. Qeyd edilir ki, Qafqazın cənub-şərqində yerləşən Azərbaycana Bakı, Yelizavetopol (Gəncə), Şuşa və Qarabağ regionları daxildir. Paytaxtı Bakı şəhəridir. Bu ölkənin əhalisinin sayı 4 milyon nəfərdir... Üzvləri seçkilər yolu ilə seçilən parlament məclisi vardır. Qadınlar seçkilərdə iştirak etmək hüququna malikdirlər. “Azərbaycan hökuməti bolşeviklərə qarşıdır. Səbəb budur ki, onlar ölkədə səkkiz müsəlmanı qətl ediblər, çox kəndi və əkin sahələrini talayıblar və yandırıblar. Qonşuları ilə sülh və əmin-amanlıq içərisindədir. Konfransdan istiqlalının tanınmasını istəyir...”, - deyə xəbərdə yazılır.
Mərkəzin direktoru Azərbaycan mətbuatını 150 yaşı münasibətilə təbrik edib, “Əkinçi” ilə başlayan mətbuatımızın “əl-Əhram”la həmyaşıd olduğunu diqqətə çatdırıb və yaxın zamanlarda “əl-Əhram” qəzetinin 150 illiyinin də təntənəli şəkildə qeyd ediləcəyini bildirib.
Əşrəf Bədr rəhbərlik etdiyi mərkəzdə “Kəşkül” (1889-cu il), “Muqattam” (1888-ci il) qəzetlərinin, “Muqtataf” jurnalının (1871-ci il), “Vadi əl-Nil” , “Kəvakib” qəzetlərinin də əksər nömrələrinin saxlandığını diqqətə çatdırıb.
Son texnoloji yeniliklərin qəzet çapına təsirsiz ötüşmədiyini bildirən Əşrəf Bədr qeyd edib ki, “əl-Əhram” qəzeti əvvəllər milyon nüsxədə nəşr etdirilirdi və müxtəlif ölkələrə göndərilirdi. Hazırda qəzetin çapı azalıb. Buna baxmayaraq, adıçəkilən qəzet Misirdə kağız formatda çap edilən və yayılan ən böyük qəzetdir. (Azərtac)
08:57 21.07.2025
Oxunuş sayı: 1174