Azərbaycan karateçiləri Bolqarıstanda dünya kubokunda ilk medallarını qazandılar

Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən “KWU-WFKF” Birliyi üzrə milli komandamız Bolqarıstanın Varna və Kamçiya şəhərlərində keçirilən “KWU-SENSHI” (Dünya Kyokuşin Birliyi) üzrə dünya kubokunda və 19-cu beynəlxalq yay təlim-məşq toplanışında uğurla iştirak edir.
İyulun 6-dan start götürən mötəbər yarışda milli komandamız artıq ilk uğurlarını qazanıb. Belə ki, yarışın ilkin mərhələsində iki gənc idmançımız mükafata layiq görülüb:
-
Selcan Babayeva (16-17 yaş, +65 kq) – qızıl medal (şəxsi məşqçi: Vidadi Xəlilov)
-
Cavid Kazımlı (16-17 yaş, 75+ kq) – gümüş medal (şəxsi məşqçi: Vüsal Məmmədov)
Azərbaycan bu yarışda ümumilikdə 19 idmançı ilə təmsil olunur. Onlardan 14-ü kyokuşin karate üzrə artıq mübarizəyə başlayıb, digər 5 idmançı isə növbəti günlərdə böyüklər arasında keçiriləcək “SENSHI” yarışlarında çıxış edəcək.
Qeyd edək ki, bu nüfuzlu turnirdə Dünya Kyokuşin Birliyinin 37 ölkə üzrə rəsmi nümayəndəliklərinin yığma komandaları iştirak edir.
Yığmamıza Azərbaycan Karate Federasiyasının baş katibi və “KWU-SENSHI” üzrə Azərbaycan nümayəndəsi Qabil Sayadov rəhbərlik edir. Yarış və təlim-məşq toplanışı hazırda davam edir və milli komandamızın qarşıdakı günlərdə daha bir sıra uğurlara imza atacağı gözlənilir.
Xatırladaq ki, Azərbaycan Karate Federasiyasının “KWU-SENSHI” Birliyi üzrə rəhbəri Ramin Əsədovdur.
12:21 09.07.2025
Oxunuş sayı: 591