“PKK Türkiyəni sevməyənlərin məğlubiyyətinin simvoluna çevrildi”- Deputat

Türkiyənin illərdir davam edən terrorla mübarizəsində tarixi dönüş nöqtəsi yaşanır. Bu gün PKK terror təşkilatının özünü buraxması təkcə bir təhlükənin aradan qalxması deyil, həm də milli iradənin, əzmin və ədalətin təntənəsidir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə məsələ ilə bağlı Crossmedi.az-a açıqlama verdi. Deputat bildirdi ki, PKK bir vaxtlar xarici antitürk mərkəzləri tərəfindən yaradılmış və müxtəlif dairələr tərəfindən dəstəklənmişdi: “Lakin Türkiyə dövlətinin terrora qarşı apardığı əzmli və ardıcıl mübarizə, onun suverenliyini və müstəqilliyini qorumaq bacarığı nəticə etibarilə Türkiyəni istəməyənlərin belə öz məğlubiyyətlərini qəbul etməsi ilə nəticələndi. Və artıq PKK tarixə qovuşdu.
Bu hadisə təkcə Türkiyənin deyil, onu sevənlərin, ona dost olan ölkələrin ilk növbədə Azərbaycanın da qələbəsi kimi qiymətləndirilməlidir. PKK-ya bağlı olan insanlar bütöv bir nəsli itirdilər. O nəsil ki, yüksək təhsil ala bilərdi, daha yaxşı şəraitdə yaşaya bilərdi, öz dilini və mədəniyyətini inkişaf etdirə bilərdi. Türkiyənin idarə olunmasında özünün ziyalı nümayəndələri ilə iştirak edə bilərdi”.
Deputat sonda vurğuladı ki, indi bundan sonrakı tarixdə həmin insanlar Türkiyə vətəndaşları kimi dövlətin quruculuğuna töhfə vermək fürsətini əldə edəcəklər:
“Dünya tarixində ən uzunmüddətli qarşıdurmalardan birinə son qoyuldu. Bu isə bir daha sübut etdi ki, terrora, sabotaja, müstəqilliyə qarşı yönəlmiş istənilən hərəkət gec-tez məğlub olmağa məhkumdur. Türkiyənin ruhu, haqqı və ədaləti qalib gəldi. PKK isə Türkiyəni sevməyənlərin məğlubiyyətinin simvoluna çevrildi”.
Həmayıl Şükürlü
19:34 13.05.2025
Oxunuş sayı: 6051