ABŞ - Aİ gərginliyi artır: Kim udacaq?

Avropa İttifaqı (Aİ) və ABŞ arasında yeni iqtisadi gərginlik yaranıb. Macarıstanın Baş Naziri bəzi Avropa ölkələrinin ABŞ prezidenti Donald Trampla idxal tariflərini müzakirə etməkdən çəkinməsini iddia edir. Bu isə Aİ daxilində fikir ayrılıqlarını və narahatlığı artırıb.
Belə bir vəziyyətdə Aİ-də gərginlik yaranır. Bu gərginliyin hansı səviyyəyə qədər inkişaf edəcəyi ilə bağlı Crossmedia.az-a danışan politoloq Sultan Zahidov bildirib ki, Avropada hazırda narahatlıq və təşviş hökm sürür.
"Bu gün Parisdə bəzi Avropa ölkələrinin- Fransa, Polşa , Böyük Britaniya, Almaniya, İspaniya- xarici işlər nazirlərinin görüşü oldu. Orada bir sıra müzakirələr aparıldı. Həmçinin ABŞ-nin Avropa siyasəti, transatlantik bağları müzakirə olundu. Bütün bunlar göstərir ki, Avropa ABŞ-nin xüsusilə də Avropanın təhlükəsizliyi və müdafiəsindən geri çəkiləcəyindən narahatdır. Ötən gün müdafiə naziri Pit Heqset Brüsseldə bildirdi ki, artıq Avropa öz müdafiəsinə cavabdeh olmalıdır. İndi də Donald Trampın Aİ-yə qarşı mümkün gömrük rüsumlarının tətbiqi ittifaqı təşvişə salıb və bununla bağlı ittifaq hələ ki, vahid mövqe ortalığa qoya bilməyib".
Z.Sultan qarşılıqlı şəkildə ABŞ-yə qarşı gömrük rüsumlarının tətbiq olunacağını, amma indiki halda ABŞ-dən çox Aİ-nin ziyan görəcəyini düşünür:
"İttifaq daxilində çalışırlar ki, ilk növbədə ABŞ-yə qarşı vahid bir mövqe formalaşdırılsın. Sonra isə bu mövqe hansı formada qarşı tərəfə- ABŞ-yə bildirilsin".
Politoloqun fikrincə, Trampın strategiyası ondan ibarətdir ki, bu günə qədər ABŞ həm Ukraynaya, həm də başqa regionlara daha çox pul xərcləyirdi: "Amma indiki vəziyyətdə Tramp çalışır ki, ABŞ daha çox pul əldə etsin. Məhz gömrük rüsumlarının tətbiqi siyasətinin arxasında da bu dayanır.
Digər tərəfdən Tramp Avropaya qarşı deyir ki, siz özünüz öz müdafiənizi inkşaf etdirməli, bizdən asılı olmalısınız. Avropa dövlətləri hərbi büdcələri artırmalıdır. Tramp bir zamanlar ABŞ-nin ikinci dünya müharibəsi dövründə işlədiyi strategiyanı işlədir- ABŞ kənarda qalsın, pulunu qazansın, nə olursa digər dövlətlərə olsun beləliklə, qazanan tərəf ABŞ olsun. Bu kifayət qədər praqmatik siyasətdir. Çünki, indiki halda Rusiya-Ukrayna müharibəsi davam edərsə və Avropada intensiv şəkildə hərbiləşdirmə baş verəcəksə, deməli, Avropa müəyyən mənada itirəcək. İqtisadi cəhətdən Rusiya itirəcək. Bundan əlavə, Donald Trampın iqtisadi siyasət, gömrük rüsumları nəticəsində Çin zəifləyəcək".
S. Zahidov qeyd edib ki, güclənən tərəf yalnız ABŞ olacaq: "Strategiyanın, doktrinanın mahiyyəti budur. Bu nə dərəcədə doğru olacaq, zaman göstərəcək".
Fatimə Məmmədova
21:48 13.02.2025
Oxunuş sayı: 6205