İsrail və HƏMAS arasında gərginlik artır: Yeni döyüşlər başlayacaqmı?

İsrail Ordusu Cənub Komandanlığının məsuliyyət zonasında döyüş hazırlığı səviyyəsini artırıb. Buna səbəb Fələstinin HƏMAS hərəkatının fevralın 15-də azad edilməsi planlaşdırılan girov qrupunun buraxılmasını təxirə salmasıdır. İsrail Ordusunun mətbuat xidmətindən verilən məlumata görə, vəziyyətin qiymətləndirilməsindən sonra hərbi hazırlığın gücləndirilməsi və əlavə bölmələrin yerləşdirilməsi barədə qərar qəbul edilib. HƏMAS isə bu addımını İsrailin atəşkəs razılaşmasını pozması ilə izah edib.
Mövzu ilə bağlı açıqlama verən politoloq Əlimusa İbrahimov bildirir ki, HƏMAS-a növbəti ultimatum İsrailin Baş naziri Benyamin Netanyahudan gəlib. Onun sözlərinə görə, HƏMAS artıq xəbərdarlıq edib ki, girovların azad edilməsini dayandıracaq. Buna səbəb İsrailin atəşkəs razılaşmasının bir neçə bəndini yerinə yetirməməsidir. HƏMAS-ın iddialarına görə, İsrail qəzzalıların geri dönüşünə mane olur, humanitar yardım və tibbi ləvazimatların çatdırılmasını əngəlləyir və bəzi hallarda hərbi gücdən istifadə etməyə davam edir.
HƏMAS-ın bu addımına ilk sərt reaksiya ABŞ-nin prezidenti Donald Trampdan gəlib. O, təşkilata cümə axşamına qədər vaxt verərək, girovların hamısı qaytarılmasa, "dünyanı onların başına yıxacağını" bildirib.
HƏMAS-a qarşı digər təhdid İsrail Baş naziri Benyamin Netanyahudan gəlib. O bəyan edib ki, girovlar şənbə günü günortaya qədər azad olunmasa, İsrail ordusu Qəzza zolağında döyüşləri bərpa edəcək. “HƏMAS şənbə günü günortaya qədər girovlarımızı qaytarmasa, atəşkəs sona çatacaq və HƏMAS nəhayət məğlub olana qədər İsrail intensiv döyüşləri davam etdirəcək”, – deyə Netanyahu hərbi kabinet üzvləri ilə görüşdən sonra bildirib.
Netanyahu əlavə edib ki, HƏMAS-ın razılaşmanı pozaraq girovları azad etməmək qərarını elan etməsindən sonra İsrail ordusuna Qəzza zolağı və ətrafına qoşun cəmləşdirməyi əmr edib. "Bu əməliyyat bu saatlarda həyata keçirilir və çox yaxın vaxtlarda tamamlanacaq”, – deyə o vurğulayıb.
Politoloq Əlimusa İbrahimov hesab edir ki, İsraillə HƏMAS arasında atəş rejiminin uzun müddət davam edəcəyi şübhəlidir. Onun sözlərinə görə, Netanyahu Amerikanın təzyiqi altında atəşkəsə razı olub, lakin istənilən hadisədən istifadə edərək atəşkəsi pozmağa və müharibəni davam etdirməyə hazır olduğu barədə xəbərlər yayılmaqdadır. Politoloq bildirir ki, əslində Netanyahu müharibəni öz şərtləri daxilində bitirməyə yaxın idi. Trampın təzyiqi və andiçmə mərasimi olmasaydı o qısa müddətdə döyüşü bitirməyi planlaşdırırdı. Amma ABŞ-nin yeni seçilmiş Prezidenti andiçmə mərasiminə qədər atəşkəsə nail olmaqda israrlı idi. Hətta Tramp belə bu atəşkəsin uzun müddət davam edəcəyinə inanmadığını açıq şəkildə bildirmişdi.
Bütün bunları nəzərə aldıqda, politoloq Əlimusa İbrahimovun fikrincə, İsraillə HƏMAS arasında əldə olunan atəşkəsin tezliklə pozulması ehtimalı yüksəkdir.
Nihat Tahirov
11:42 12.02.2025
Oxunuş sayı: 6358