Aldığı evi başqasına satdılar




- Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən binada mənzil sahibi olan Əzimov Güloğlan Xanoğlan oğlu mənzil problemləri ilə bağlı şikayətini bildirib.
- Onun sözlərinə görə, 2016-cı ildə adıçəkilən ünvanda yerləşən binadan mənzil alıb. Lakin o iddia edir ki, həmin mənzil eyni vaxtda iki və daha artıq şəxsə satılıb:
- “Mənzillər iki və daha artıq adamlara satıldığı üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdik. Nəticədə həmin təsisçi şəxs həbs olundu və 9 il müddətinə azadlıqdan məhrum edildi. Daha sonra həmin binaya yeni iki rəhbər təyin edildi. Bu müddətdə heç bir problemlə qarşılaşmadıq. Lakin 2024-cü ilin sentyabr ayında mənzilimlə bağlı məhkəməyə müraciət edildiyi xəbərini aldıq. Məlum oldu ki, Hümmətəliyev Rza Hümmətəli oğlu məhkəmədə yaşadığım evi məndən 2 ay öncə aldığı ilə bağlı iddia qaldırıb”, – deyə o bildirib.
- Məsələ ilə bağlı çəkiliş apardığımız zaman sakinlər də sözügedən mənzilin həqiqətən Əzimov Güloğlana aid olduğunu dilə gətiriblər.
- Sakin Qurbanov Aqil Əli oğlu qeyd edib ki, Əzimov Güloğlanı 2016-cı ildən tanıyır və binanın tikintisinin ləngiməsi ilə bağlı şikayəti edən zaman birgə olublar.
- “Bu 9 il ərzində onun evinə indi iddia qaldıran şəxsi görməmişəm. Hər zaman sakin və qonşu kimi Güloğlan Əzimovu görmüşük”, – deyə o qeyd edib.
- Digər sakin Rəhimova Rəvanə isə adıçəkilən binadan Əzimov Güloğlanla eyni vaxtda bina aldığını və qonşu kimi də onu tanıdığını söyləyib.
- Həmçinin, binanın digər mənzil sahibi Səfərov Elçin və uzun müddətdir həmin binada yaşayan Ağababayev Rəhim də Əzimov Güloğlanın qanuni sakin olduğunu və sakinlər siyahısında onun adının yer aldığını təsdiqləyiblər. (yenicag)
09:05 28.01.2025
Oxunuş sayı: 2544