Meymunçiçəyi yenidən gündəmdə - Azərbaycana yoluxma təhlükəsi varmı?
Dünyanın bir hissəsi yeni yoluxma xəbərlərini narahatlıqla izləyərkən, digərləri eyni təhlükənin sərhədləri keçib-keçməyəcəyini düşünür. Bir vaxtlar yalnız müəyyən regionlarla əlaqələndirilən meymunçiçəyi bu gün beynəlxalq səhiyyənin diqqət mərkəzində olan infeksiyalardan biridir. Dəridə yaranan səpkilər, qızdırma, baş və əzələ ağrıları ilə müşayiət oluna bilən bu xəstəlik barədə yayılan hər yeni məlumat cəmiyyətdə suallar doğurur. Azərbaycanda isə əsas məsələ virusla bağlı son vəziyyətin necə olması, ölkədə yoluxma hallarının qeydə alınıb-alınmaması və mümkün risklərə qarşı hansı tədbirlərin görülməsidir. Bəs meymunçiçəyi təhlükəsi ölkəmiz üçün nə dərəcədə aktualdır? Əhali hansı əlamətlərə diqqət yetirməli və narahatlıqla əsassız qorxu arasındakı sərhədi necə müəyyən etməlidir?
Mövzu ilə bağlı Crossmedia. az-a açıqlama verən səhiyyə eksperti Adil Qeybulla bildirib ki, meymunçiçəyi virusu (poksoviruslar sinfinə aid olan, zoonotik virus) heyvandan insana keçir və bu xəstəliyə yoluxmuş adam başqalarını da yoluxdura bilər: "Xəstəlik ilkin olaraq ümumi intoksikasiya əlamətləri ilə baş verir. Prodromal dövr və gizli dövr üç həftəyə qədər çəkə bilər. Gizli dövrdən sonra ümumi halsızlıq, zəiflik, baş ağrıları, bel ağrıları, intoksikasiya əlamətləri və boğaz ağrıları olur. Sonra bədəndə səpgilər – pustulalar (çirkli-mayeli səpgilər) əmələ gəlir. Xəstəlik bir müddətdən sonra ağırlaşmadan keçir. Amma ağırlaşmalar komorbid və yanaşı ağır xəstəlikləri olan şəxslərdə mümkündür".

Ekspert qeyd edib ki, virusun dəfələrlə peyda olunması və lokallaşdırılması məsələsi var: “Dünya Səhiyyə Təşkilatının bu məsələdə xeyli təcrübəsi var. Düşünürəm ki, bununla bağlı bu gün dünyada ciddi bir problem yoxdur. Amma istənilən bir situasiyada bu virusların vaxtında yayılmasının qarşısını almaq, ən azı onun orqanizmlərdə yeni xassə almasının qarşısını almağa yönəldilib. Nəzərə alaq ki, bu çiçək-kimilər virusunun ən təhlükəli nümayəndəsi təbii çiçəkdir. Təbii çiçək vaxtilə milyonlarla insan həyatına son qoyan karantin infeksiyadır, xüsusi təhlükəli infeksiyadır. 1980-ci ildə vaksinasiya nəticəsində infeksiyanın yox olması nəzərdə tutulur, amma o, laboratoriyalarda bioloji silah kimi qalır və istənilən müddət baş qaldırması, yəni ortaya atılması mümkündür".
Nuray Oqtayqızı
10:00 21.10.2026
Oxunuş sayı: 268