Bu gün görkəmli müğənni Şövkət Ələkbərovanın doğum günüdür
Oktyabrın 20-si – Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Şövkət Feyzulla qızı Ələkbərovanın anadan olmasının 104-cü ildönümüdür.
Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda dünyaya gəlib. Atası Feyzulla kişi zəhmətkeş insan olsa da, xalq musiqisinə, muğama və aşıq sənətinə dərin bağlılığı ilə seçilirdi. Anası Hökumə xanım isə qızlardan ibarət orkestrdə tar çalan peşəkar musiqiçi idi. Uşaqlıq illərindən musiqinin içində böyüyən Şövkət on iki yaşında musiqi məktəbinin kamança sinfinə daxil olur. Evdə tar, kamança və qardaşının ifasında zərb alətindən ibarət kiçik xalq üçlüyü yaranır. Bu mühit gələcək sənətkarın ilk musiqi təəssüratlarını formalaşdırır.
1937-ci il onun yaradıcılıq yolunda mühüm dönüş nöqtəsi olur. On beş yaşlı Şövkət bədii özfəaliyyət kollektivlərinin respublika müsabiqəsində iştirak edir. Opera Teatrında keçirilən yekun konsertdə “Qarabağ şikəstəsi”ni ifa edir. İfa o qədər təsirli olur ki, münsiflər heyətində əyləşən Üzeyir Hacıbəyov, Bülbül və Səid Rüstəmov gənc istedadı yüksək qiymətləndirirlər. Şövkət Ələkbərova Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə müsabiqənin ən yaxşı üç ifaçısından biri seçilir. Həmin uğurdan sonra Üzeyir Hacıbəyovun dəvəti ilə Azərbaycan Dövlət Xoruna qəbul olunur və peşəkar sənət fəaliyyətinə başlayır.
Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirən gənc xanəndə muğam sənətinin sirlərini isə Ağalar Əlivərdibəyovdan öyrənir. 1938–1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi çalışır. Böyük Vətən müharibəsi illərində cəbhələrdə, hospitalarda və hərbi hissələrdə əsgərlər qarşısında çıxış edir, bəzən bir gündə onlarla konsert verir. 1945-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərir.
Şövkət Ələkbərovanın ifaçılığı yüksək vokal mədəniyyəti, emosionallıq, lirizm və muğamda məharətli improvizasiya bacarığı ilə səciyyələnirdi. Onun repertuarında “Segah”, “Qatar”, “Şahnaz” kimi muğamlar, “Qarabağ şikəstəsi”, “Ay qadası”, “Bir könül sındırmışam” kimi xalq mahnıları və bəstəkar əsərləri mühüm yer tuturdu. Səməd Vurğun “Oxu gözəl” mahnısının sözlərini məhz Şövkət Ələkbərova üçün yazmışdı. Sənətkar Fransa, İsveçrə, Hindistan, Misir, Türkiyə, İran və digər ölkələrdə uğurla çıxış edərək Azərbaycan musiqi sənətini xaricdə tanıtmışdır.
1954-cü ildə Əməkdar artist, 1959-cu ildə isə Azərbaycan SSR Xalq artisti fəxri adlarına layiq görülən Şövkət Ələkbərova 1993-cü il fevralın 7-də vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.
Bu gün də onun ifasında səslənən mahnılar dinləyicilərin ürəyinə yol tapır. Şövkət Ələkbərovanın sənəti zamanın sınağından uğurla çıxmış və Azərbaycan musiqi tarixində özünəməxsus yer tutmuşdur.
Zeynəb Həsən
14:30 20.10.2026
Oxunuş sayı: 57