Bakı bulvarında Çay Festivalı keçirilir
Bakı bulvarında Azərbaycan çay mədəniyyətinin tanıdılması və yerli istehsalçıların məhsullarının təşviqi məqsədilə Çay Festivalı keçirilir.
Dənizkənarı Bulvar İdarəsi tərəfindən təşkil olunan festivalda Azərbaycanın çay süfrəsi ənənələri, bölgələrə məxsus şirniyyatlar və müxtəlif bitki çayları təqdim olunur.
Festival ərazisində çay bağı, yaşıllıqlarla əhatələnmiş söhbətgahlar və çay süfrəsinin ənənəvi atributları üçün xüsusi guşələr yaradılıb. Tədbirin diqqətçəkən elementlərindən biri isə hündürlüyü 6 metr olan armudu stəkan dekorasiyasıdır. Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları tərəfindən hazırlanan dekorasiya işıqlandırılması ilə axşam saatlarında da maraqlı görüntü yaradır.
Ziyarətçilər festival çərçivəsində Azərbaycanın aparıcı çay istehsalçılarının məhsulları, Qarabağ və Şərqi Zəngəzurdan gətirilən bitki çayları, eləcə də bölgələrə xas şirniyyatlarla tanış ola bilərlər. Ərazidə samovarlar və digər dekorativ əşyalar da nümayiş etdirilir.
Festivalda Azərbaycanın çay ənənələri ilə yanaşı, digər ölkələrin mədəniyyəti də təqdim olunur. Ziyarətçilər Özbəkistanın çay süfrəsi ənənələri və Çin çay mədəniyyəti ilə tanış olmaq imkanı əldə edirlər.
Tədbirin əsas məqsədi milli çay mədəniyyətini tanıtmaq, yerli istehsalçıları dəstəkləmək və çayın Azərbaycan mədəniyyətində insanları birləşdirən ənənə kimi əhəmiyyətini vurğulamaqdır.
Çay Festivalı oktyabrın 18-dək hər gün saat 12:00-dan 23:00-dək davam edəcək. Festivala giriş sərbəstdir.
Məhəbbət Tərlanoğlu
10:52 13.10.2026
Oxunuş sayı: 47