On il sonra baş tutan səfər: Çin Yaxın Şərqdə güc balansını dəyişir?
Çin Xalq Respublikasının Sədri Si Cinpin Misirin paytaxtı Qahirədə səfərdədir. Bu, onun son 10 ildə Misirə ilk dövlət səfəridir. Səfər çərçivəsində onu Misir Prezidenti Əbdülfəttah əs-Sisi rəsmi mərasimlə qarşılayıb və danışıqlar aparılıb.
Liderlər iqtisadiyyat, müdafiə, təmiz enerji, liman infrastrukturu və "Kuşak və Yol" (Bir kəmər, bir yol) təşəbbüsü sahəsində əməkdaşlığın genişləndirilməsini, həmçinin regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Bu səfər sadəcə ikitərəfli diplomatik görüş deyil, Yaxın Şərqdə dəyişən güc balansının mühüm göstəricisidir.
Səfər Pekinin Yaxın Şərq siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Qeyd etdoyimiz kimi, bu, onun Misirə son on ildə ilk səfəridir və Çin-Misir diplomatik münasibətlərinin 70 illiyinə təsadüf etməsi səfərə əlavə simvolik məna verir. Lakin əsas məsələ yubiley diplomatiyası deyil. Pekin məhz regionun təhlükəsizlik arxitekturasının ciddi sarsıntılar yaşadığı bir dövrdə Qahirəyə üz tutur.
Misir niyə Çin üçün vacibdir?
Misir Çin üçün adi ərəb dövləti deyil. Qahirə eyni zamanda Afrikaya, Ərəb dünyasına, Aralıq dənizinə və Süveyş kanalı vasitəsilə Avropaya açılan geostrateji qovşaqdır. Çin üçün Avropa-Asiya ticarət marşrutlarının təhlükəsizliyi həyati əhəmiyyət daşıdığı bir vaxtda Misirin coğrafi mövqeyi daha da aktuallaşır.
Pekin artıq Misirdə limanlar, sənaye zonaları, istehsal müəssisələri, yaşıl enerji və digər strateji sahələrə ciddi investisiyalar yatırıb. Süveyş Kanalı İqtisadi Zonası isə Çin üçün təkcə iqtisadi layihə deyil, həm də “Bir kəmər, bir yol” strategiyasının geosiyasi dayaqlarından biridir.

Səfərin əsas mesajı: “Regionun taleyini region ölkələri müəyyən etməlidir”
Si Cinpinin Qahirədə səsləndirdiyi ən mühüm siyasi mesajlardan biri Yaxın Şərq ölkələrinin öz təhlükəsizlik məsələlərində daha müstəqil rol oynaması və xarici müdaxiləyə qarşı çıxması ilə bağlı idi. Çin lideri region üçün yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması ideyasını da gündəmə gətirdi.
Bu, əslində Vaşinqtona ünvanlanan dolayı siyasi mesajdır.
Çin açıq şəkildə “ABŞ Yaxın Şərqdən getməlidir” demir. Pekinin siyasəti daha incədir: Çin ABŞ-nin yerini birbaşa tutmağa yox, ABŞ-nin dominant rolunun zəiflədiyi məkanda alternativ siyasi və iqtisadi mərkəz kimi möhkəmlənməyə çalışır.
Burada Pekinin əsas üstünlüyü də məhz budur. Çin region ölkələrinə klassik hərbi alyans modeli deyil, iqtisadi əməkdaşlıq, infrastruktur, ticarət, texnologiya və siyasi qeyri-müdaxilə paketi təklif edir.
Misir “tərəf dəyişmir”, seçimlərini artırır
Bu səfəri Misirin ABŞ-dən uzaqlaşaraq Çin düşərgəsinə keçməsi kimi qiymətləndirmək düzgün olmaz. Misir hələ də ABŞ ilə ciddi hərbi və siyasi əlaqələrə malikdir. Qahirənin məqsədi daha çox strateji balans siyasətidir.
Misir bir tərəfdən Vaşinqtonla münasibətlərini qoruyur, digər tərəfdən Çinlə iqtisadi və texnoloji əməkdaşlığı genişləndirir, paralel olaraq Rusiya və Avropa ilə əlaqələrini də saxlayır.
Yəni Qahirənin mesajı belədir:
“Biz bir gücdən asılı olmaq istəmirik.”
Bu yanaşma yalnız Misirə xas deyil. Son illərdə Səudiyyə Ərəbistanı, BƏƏ, Türkiyə və digər regional aktorların siyasətində də böyük güclər arasında manevr etmək tendensiyası güclənib.
İqtisadiyyatdan təhlükəsizliyə keçid
Ən diqqətçəkən məqamlardan biri Çin-Misir münasibətlərinin artıq yalnız ticarət və investisiya çərçivəsində qalmamasıdır. Tərəflər təhlükəsizlik, terrorla mübarizə, məlumat mərkəzləri, yarımkeçiricilər və kritik xammal zəncirləri üzrə əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. Son dövrdə keçirilən birgə hərbi təlimlər də münasibətlərin yeni ölçü qazandığını göstərir.
Bu isə vacib dönüş nöqtəsidir.
Çin uzun müddət Yaxın Şərqdə əsasən iqtisadi güc kimi qəbul olunurdu. İndi isə Pekin tədricən regional təhlükəsizlik məsələlərində də söz sahibi olmaq istəyir.
Lakin burada Çin üçün ciddi dilemma var: təhlükəsizlik sahəsində rol artdıqca məsuliyyət də artır. ABŞ-ın regiondakı onilliklər boyu hərbi varlığının yaratdığı təhlükəsizlik yükünü Pekinin tam şəkildə üzərinə götürmək istədiyi hələ görünmür.
Qlobal Cənub faktoru
Səfərin daha geniş geosiyasi mənası da var. Çin və Misir birgə bəyanatda Qlobal Cənubun beynəlxalq siyasi və iqtisadi qərarların qəbulunda rolunun artırılmasını, inkişaf etməkdə olan ölkələrin daha ədalətli təmsil olunmasını vurğuladılar.

Bu, Si Cinpinin ümumi xarici siyasət xəttinə uyğundur.
Pekin özünü sadəcə ABŞ-yə alternativ supergüc kimi deyil, həm də Qərb mərkəzli beynəlxalq sistemdən narazı olan ölkələrin siyasi tərəfdaşı kimi təqdim etməyə çalışır.
Misir kimi həm Afrika, həm ərəb, həm də inkişaf etməkdə olan dünya üçün nüfuzlu ölkə bu strategiyada xüsusi əhəmiyyət daşıyır.
Qahirədə baş verənlər Vaşinqtonda da diqqətlə izlənilir
Si Cinpinin Misir səfərinin əsas nəticəsi bir gündə Yaxın Şərqin güc balansını dəyişməyəcək. Çin hələ ABŞ-ın regiondakı hərbi, siyasi və institusional imkanlarını əvəz etmək gücündə deyil və görünür, hələ buna tam can atmır.
Amma Pekinin strategiyası fərqlidir: ABŞ-ni əvəz etmək yox, ABŞ-ın tək seçim olmadığı bir Yaxın Şərq yaratmaq.
Misir isə bu strategiya üçün ideal tərəfdaşlardan biridir. Coğrafi mövqeyi, Süveyş kanalı, ərəb və Afrika dünyasındakı siyasi çəkisi, eləcə də çoxvektorlu xarici siyasəti Qahirəni Pekinin regional planlarında mühüm mərkəzə çevirir.
Bu baxımdan Si Cinpinin Qahirə səfəri Çin-Misir münasibətlərindən daha böyük məna daşıyır: bu, Yaxın Şərqin tədricən birqütblü təhlükəsizlik və siyasi sistemdən çoxmərkəzli rəqabət məkanına çevrildiyini göstərən mühüm diplomatik hadisədir.
Kənan Novruzov,
Jurnalist, siyasi şərhçi
13:45 03.09.2026
Oxunuş sayı: 64
Siyasətin pərdəarxası
Rubrika Crossmedia.az Analitik İnformasiya Portalının "Yaradıcı layihələr" departamentinə daxildir. Departamentin rəhbəri jurnalist Kənan Novruzovdur.