İİV infeksiyasından tam sağalanlar var?
QHT sədri: “Ötən əsrdən qalan problemin həll edilməməsi elmi prinsiplərə xəyanətdi”
Bu ilin iyulunda Braziliyanın Rio-de- Janeyro şəhərində hibrid formada (həm əyani, həm də virtual) təşkil olunan “AİDS-2026” adlı beynəlxalq konfransda insanın immunçatışmazlığı virusu (İİV) ilə mübarizəyə dair qlobal və regional səviyyədə həyata keçirilən tədbirlər müzakirə olunub müxtəlif qərarlar qəbul olunub. Dünya Səhiyyə Təşkilatı İİV-in 2030-cu ilə qədər tamamilə ləğv ediləcəyinə dair iddia ilə dünya dövlətlərinə çağırış edib.
Ümumiyyətlə, İİV-lə mübarizə qlobal əhəmiyyət daşıdığı üçün dünya dövlətləri bu istiqamətdə gücünü birləşdirməyə və birgə siyasət yürütməyə çalışır. Konfransda virtual iştirak edən “Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin sədri Zülfiyyə Mustafayevanın sözlərinə görə, o, bəzi sessiyalarda ölkəmizdəki zərərin azaldılması layihələrində həyata keçirilən İİV profilaktika tədbirləri və vətəndaş cəmiyyəti təşkilatları ilə dövlət qurumlarının bu sahədə əməkdaşlıq nümunələrindən danışıb. Yeri gəlmişkən, ölkəmizdə zərərin azaldılması proqramları 2006-cı ildən etibarən AİDS, Vərəm və Malyariya üzrə Qlobal Fondun dəstəyilə həyata keçirilir və proqramın əsas resipiyenti Səhiyyə Nazirliyidi: “Bu konfrans əhəmiyyətli çağırışları ilə seçilir, çünki artıq həm İİV-in peyvəndi, həm də yaxın hədəflərdə İİV probleminə son qoyulmasına dair tesizlər ortaya qoyulub”.
Onu da qeyd edək ki, konfrans 7500-dən çox alim, aktivist, siyasətçi və İİV-lə yaşayan şəxsi bir araya gətirib: “Tədbirdə təşkil olunan 150-dən çox sessiyada 2400-dək elmi poster təqdim edilib. Diqqəti cəlb edən tesizlər əlbəttə ki, profilaktika və müalicə sahəsində yeniliklər və onların tətbiqi mexanizləridi. Məsələn, uzunmüddətli təsirə malik (məsələn, lenacapavir inyeksiyaları) İİV-dən qorunma (PrEP) vasitələrinin uğurlu klinik sınaq nəticələri olduqca maraqlıdı. İİV-lə yaşayan insanların həftədə bir dəfə qəbul etdiyi oral müalicə prototiplərinin nümayişi fonunda iki yeni İİV-dən tam sağalma (remissiya) halının elan edilməsi çox mühüm mesajdı”.
Maraqlıdı ki, Qlobal Fondun maliyyə resurslarının əhəmiyyətli dərəcədə azaldığı dövrdə UNAIDS rəhbəri Vinni Byanyima konfransdakı çıxışında beynəlxalq yardımlara arxalanma dövrünün bitdiyini bəyan edərək, yerli maliyyələşmənin (artıq qlobal büdcənin 60%-ni təşkil edir) artırılmasını və dövlətlərin borclarının restrukturizasiyasını tələb edib. UNAIDS rəhbəri habelə xüsusi hesabatı çərçivəsində növbəti 5 il üçün qlobal yol xəritəsinin qəbulunu xahiş edib. Səhiyyə müəssisələrində stiqmanın aradan qaldırılması və İİV-lə yaşayan şəxslərin hüquqlarının qorunması növbəti illər üçün prioritet hesab edilib. İnkişaf etməkdə olan ölkələrin (xüsusilə Sub-Sahara Afrikası və Latın Amerikası) ən yeni tibbi preparatlara və qorunma üsullarına daha ucuz və ədalətli çıxışını təmin edəcək yeni tərəfdaşlıq modellərinin qurulması üçün UNAİDS rəhbəri yenidən çağırış edib.
QHT sədri hesab edir ki, "AIDS 2026" konfransı elmi sıçrayışların, uzunmüddətli inyeksiyalar və yeni müalicə üsullarının qlobal maliyyə böhranı ilə qarşı-qarşıya qaldığı bir dövrdə əhəmiyyətli tədbir hesab olunmalıdı: “Çünki dünya dövlətləri artıq anlayır ki, ötən əsrdən qalan problemi yeni dövrə və bundan sonrakı illərə daşımaq müasir tibbin sürətlə irəlilədiyi bir zamanda bütün elmi prinsiplərə xəyanətdi. Bəşəriyyət 2030-cu ilədək QİÇS-i tamamilə bitirmək hədəfinə sadiqliyini təsdiq etməlidi”.
21:57 30.07.2026
Oxunuş sayı: 27