Ronaldo bir neçə il əvvəl karyerasını başa vurmalı idi...- ŞƏRHÇİ
41 yaşlı Kriştiano Ronaldo futbolçu kimi karyerasının son mərhələsinə qədəm qoyub. Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu cari mövsümün onun peşəkar futbolda son ili ola biləcəyini açıqlayıb. Ronaldo bu qərarla 5 “Qızıl top”, 5 Çempionlar Liqası titulu, Avropa çempionluğu və iki Millətlər Liqası zəfəri ilə zəngin karyerasına nöqtə qoymağa hazırlaşır.
Ronaldo ötən mövsüm “Əl-Nəsr”in heyətində bütün turnirlərdə 37 oyunda 30 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. 2026-cı il dünya çempionatında isə 5 matçda 3 dəfə fərqlənib. Uzun illərdir dünya futbolunun əsas simalarından biri olan portuqaliyalı ulduz karyerasını böyük bir mirasla başa vurmaq istədiyini bildirib.
İdman jurnalisti Kənan Məstəliyev “crossmedia.az”a açıqlamasında portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun karyerası ilə bağlı fikirlərini bölüşüb.
O bildirib ki, Ronaldo bir neçə il əvvəl karyerasını başa vursaydı, bu, onun üçün daha doğru qərar ola bilərdi:
“Düşünürəm ki, Kriştiano Ronaldo bir neçə il əvvəl karyerasını bitirsəydi, daha yaxşı olardı. Çünki Dünya Çempionatı göstərdi ki, onun fiziki və atletik hazırlıq səviyyəsi yerində olsa da, futbolçu kimi əvvəlki səviyyəsindən xeyli geriləyib. Artıq rəqabətə davamlı səviyyədə deyil.
Bu qədər titulu və uğuru olan dahi futbolçunun müəyyən eqoya sahib olması normaldır. Lakin onun meydandakı varlığı müəyyən mənada Portuqaliya millisinin də oyununa mane olurdu. Əminliklə deyə bilərəm ki, Portuqaliya millisinin daha uğurlu çıxış etməsinə mane olan əsas amillərdən biri oyunun Kriştiano Ronaldonun üzərində qurulması idi. Əgər oyun sırf onun üzərində qurulmasaydı və komandadakı futbolçuların potensialına uyğun təşkil edilsəydi, Portuqaliya ən azı yarımfinala qədər irəliləyə, hətta finalda da oynaya bilərdi”.
Kənan Məstəliyev Ronaldonun futbol tarixinin ən böyük oyunçularından biri olduğunu vurğulayıb:
“Kriştiano Ronaldo dahi futbolçudur və dahi futbolçu olub. O, futbol tarixinin ən güclü oyunçularından biridir. Bəziləri üçün hətta ən güclüsüdür. Onun çox zəngin və böyük karyerası var. Düşünürəm ki, hətta Dünya Çempionatından sonra daha bir il oynamadan da karyerasını başa vura bilərdi. Lakin bu müddət onun üçün az deyil. Görünür, qarşısına qoyduğu 1000 qol hədəfini reallaşdırmaq və bundan sonra karyerasını bitirmək istəyir”.

Müsahibimiz hesab edir ki, Ronaldo yaxın illərdə futbolçu karyerasına son qoymalıdır:
“Bundan sonra o, karyerasını başa vuracaq. Məncə, ən doğru qərar da budur. Ola bilər ki, qarşıdakı müddətdə formasını daha da yaxşılaşdırsın və Böyük Britaniyada keçiriləcək Avropa Çempionatında sonuncu dəfə meydana çıxaraq karyerasına orada vida etsin.
Ümumilikdə isə düşünürəm ki, qarşıdakı 1-2 il ərzində Ronaldo karyerasını bitirməlidir. Çünki onun meydandakı vəziyyəti bəzən çox üzücü olur. Bəli, o, hələ də atletdir, fiziki hazırlığı yaxşıdır və böyük futbolçudur. Amma artıq əvvəlki səviyyəsində deyil. Onun azarkeşlərin yaddaşında dahi və böyük futbolçu kimi qalması lazımdır. Buna görə də zamanlama baxımından doğru qərar verdiyini düşünürəm və bu qərarı yalnız alqışlamaq olar”.
Nigar Xəlilli
16:30 18.08.2026
Oxunuş sayı: 50