Son illərdə enerji və qida qiymətlərindəki artım iqtisadiyyata ciddi şəkildə təsir edir. Xüsusilə, neft qiymətlərindəki dalğalanmalar iqtisadiyyata birbaşa və dolayı yollarla təsir göstərir. Enerji qiymətləri bir çox sahə üçün əsas xərclərdən biridir. Buna görə də neftin bahalaşması ərzaq qiymətlərinə də təsir edir. Qida istehsalında gərəkli gübrə və yanacaq neftdən əldə edilir ki, bu da qiymətlərin artmasının əsas səbəblərindən biridir.
Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov Crossmedia.az-a açıqlama verib:
“İlk növbədə bunu qeyd etmək lazımdır ki, neft qiymətində olan dəyişiklik iqtisadiyyata ölkədən-ölkəyə və iqtisadiyyatın sektorundan-sektoruna fərqli təsir göstərir. Yəni, neft-qaz sektoruna neft qiymətlərinin artması müsbət təsir etdiyi halda, xammalın birbaşa neft məhsulu olduğu sektorlara neftin qiymətinin artması mənfi təsir göstərir. Neft qiymətlərində olan dalğalanmaların səbəblərinə isə bir yox, onlarla səbəb göstərmək olar. Amma başlıca səbəb tələb və təklifdir. Bu faktor bütün dövrlərdə birinci olaraq qalır. Gözlənilməzliklər, fors-major hallar, beynəlxalq ölkələr arasında olan münasibətlər, qlobal geosiyasətdə baş verən dalğalanmalar və müəyyən təhdidlər neft qiymətlərinə mənfi təsir göstərir. Bəzən isə bu prosesin əksi də baş verə bilir”.
Eldəniz Əmirov neft qiymətlərinin qida sektoru ilə əlaqəsini belə izah edib:
“Neft qiymətlərinin dalğalanması müxtəlif sahələrə, o cümlədən qida sektoruna da təsir göstərir. Məsələn, neftin və yanacağın qiyməti artdığı zaman kənd təsərrüfatı məhsullarının qiyməti də yüksəlir. Çünki kənd təsərrüfatı məhsullarının maya dəyərinin formalaşmasında yanacağın təsir payı 30-40 faizə qədərdir. Ümumilikdə, neft qiymətlərinin artması qeyri-neft sektorunda istehsal xərclərini artırır”.
Bahar Musayeva