Mətbuat Şurasının sədri Rəşad Məcidin 60 illik yubileyi münasibətilə onun həyat və yaradıcılığına həsr olunmuş kitabın təqdimat mərasimi keçirildi. Tədbir bir çox ədəbiyyat nümayəndələrini, ziyalıları və jurnalistləri bir araya gətirdi. Mərasimdə çıxış edənlər kitabın yazıçının zəngin həyat yoluna və ədəbi fəaliyyətinə bir güzgü tutduğunu vurğuladılar.
Kitabın müəllifləri – Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) sədr müavini, yazıçı Şahanə Müşfiq və qurumun idarə heyətinin üzvü, yazıçı Şəfa Vəli əsərin hazırlanması prosesi haqqında danışaraq qeyd etdilər ki, nəşr üçün materiallar Rəşad Məcidin ailə üzvləri, dostları və ədəbi sahədəki həmkarları ilə aparılmış müsahibələr əsasında toplanıb. Kitabda yazıçının uşaqlıq illərindən tutmuş bugünkü fəaliyyətinə qədər olan həyat yolu, ədəbi yaradıcılığı və şəxsi keyfiyyətləri ətraflı təsvir edilib.
Tədbirdə çıxış edən Rəşad Məcid kitabın hazırlanmasını onun üçün həm böyük sürpriz, həm də dəyərli bir hədiyyə kimi qiymətləndirib. O bildirib ki, kitab yalnız onun həyatını və yaradıcılığını əks etdirmir, eyni zamanda oxuculara həyatın müxtəlif məqamları üzərində düşünmək imkanı yaradır. “Bu cür layihələr təkcə insanın portretini yaratmır, həm də dəyərlərin yenidən qiymətləndirilməsinə ilham verir,” – deyə yazıçı əlavə edib.
Yazıçı həmçinin kitabın məzmununa xüsusi diqqət çəkərək, müəlliflərin onun yaradıcılığına – şeirlərinə, yazılarına və sosial şəbəkələrdəki statuslarına göstərdikləri yaradıcı yanaşmanı yüksək qiymətləndirib. Kitabın onun yubileyinə təsadüf etməsini isə bu layihənin əlamətdarlığını daha da artırdığını vurğulayıb.
Qeyd edək ki, kitab yalnız ədəbi fəaliyyətə deyil, eyni zamanda Rəşad Məcidin ailə üzvü, dost və fərd kimi insani keyfiyyətlərinə də geniş yer ayırır. Bu yanaşma təqdimatda iştirak edən ədəbiyyatsevərlər tərəfindən də maraqla qarşılanıb. Tədbir yazıçının 60 illik yubileyinə əlamətdar bir töhfə olaraq yadda qalıb.
Nihat Tahirov