Bu gün Azərbaycanın musiqi və mədəniyyət tarixində xüsusi yerə sahib olan görkəmli bəstəkar, musiqişünas, publisist və pedaqoq Üzeyir Hacıbəylinin doğum günüdür. O, milli musiqimizin memarı, Şərqin ilk operasının yaradıcısı və xalq musiqisinin inkişafında əvəzsiz xidmətləri olan bir sənətkardır. Onun yaradıcılığı Azərbaycan musiqisinin professional səviyyəyə çatdırılması və dünya musiqi mədəniyyətinə inteqrasiyası istiqamətində mühüm addımlar atıb.
Musiqi Dünyasına İlk Addımlar:
Üzeyir Hacıbəyli 1885-ci ildə Şuşa şəhərində dünyaya göz açıb. Musiqi ilə tanışlığı uşaqlıq dövründən başlayıb. Şuşa o dövrdə Azərbaycanın musiqi mərkəzi kimi tanınırdı və bu mühit Üzeyir bəyin sənətkar şəxsiyyət kimi formalaşmasında mühüm rol oynadı. O, Gori Müəllimlər Seminariyasında təhsil alarkən həm Avropa musiqisini, həm də Azərbaycan xalq musiqisini dərindən öyrənib.
Natəvanla tanışlıq gənc Üzeyir üçün ən yaxşı musiqi icmaları, Şuşanın məclislərinə yol açdı. Gənc yaşlarında muğam ifaçılığı dərsləri almış və Azərbaycan xalq musiqi alətlərində çalmağı öyrənmişdir. Əbdürrəhim bəy Haqverdiyev və Cabbar Qaryağdıoğlunun 1897-ci ilə aid "Leylinin qəbri üzərində Məcnun " adlı teatr əsərində 13 yaşlı Üzeyir qoşma xorda oxuyurdu.
1899–1904-cü illərdə Qori şəhərindəki müəllimlər seminariyasında oxudu. Məhz orada o, skripka, violonçel və nəfəs alətlərində ifa etmək bacarıqlarına yiyələndi.
Şərqin İlk Operası: "Leyli və Məcnun"
«Leyli və Məcnun» operasının premyerası 1908-ci ildə yanvarın 12-də Bakıda Hacı Zeynalabdın Tağıyevin teatrında olmuşdu. İlk tamaşaya istedadlı aktyor və rejissor Hüseyn Ərəblinski quruluş vermişdi. Dirijor isə yazıçı-dramaturq Əbdülrəhim bəy Haqverdiyev idi. Sonrakı tamaşalarda isə Ü. Hacıbəyli özü və onun yaxın dostu və məsləkdaşı bəstəkar Müslüm Maqomayev dirijorluq etmişlər. Muğam hissələrini isə ustad tarzənlər Qurban Pirimov və Şirin Axundov müşayiət edirdilər. Məcnun rolunun ilk ifaçısı görkəmli teatr və musiqi xadimi Hüseynqulu Sarabski olmuşdur.
Üzeyir Hacıbəyli bu operası ilə dünya musiqi tarixində bir ilkə imza atdı: “Leyli və Məcnun” şərqin və müsəlman dünyasının ilk operası olan idi. Füzulinin eyniadlı poeması əsasında yazılmış bu opera Azərbaycan xalq musiqisi ilə Avropa klassik musiqisinin sintezini təcəssüm etdirirdi.
"Leyli və Məcnun" həm Azərbaycanın, həm də Şərqin musiqi tarixində inqilab idi. O, milli opera janrının əsasını qoydu və gələcək nəsil bəstəkarlar üçün ilham mənbəyi oldu.
Milli Musiqi və Klassik Əsərlər:
Üzeyir bəyin yaradıcılığı yalnız opera ilə məhdudlaşmırdı. O, milli musiqinin müxtəlif janrlarında əsərlər yaratmışdır. Onun bəstələdiyi digər operalar, musiqili komediyalar və simfonik əsərlər Azərbaycan musiqi xəzinəsinin inciləridir:
"Koroğlu" (1937) — Azərbaycan opera sənətinin zirvəsi hesab olunur.
"Əsli və Kərəm" (1912), "Şah Abbas və Xurşid
Banu" (1912) — tarixi-mistik motivlərə əsaslanan əsərlərdir.
"Arşın Mal Alan" (1913) — musiqili komediya janrında şah əsərdir. Bu komediya dünyanın 80-dən çox ölkəsində səhnələşdirilmişdir və Azərbaycan musiqisinin tanıdılmasında böyük rol oynamışdır.
Pedaqoji və Maarifçilik Fəaliyyəti:
Dahi bəstəkar Üzeyir Hacıbəyli Azərbaycan musiqi sənətinin inkişafındakı misilsiz xidmətləri ilə yanaşı, eyni zamanda, görkəmli maarifçi ziyalı, vətəndaş amalını hər şeydən uca tutaraq həyatını vətən və xalq üçün yaşamış şəxsiyyətdir. Onun ömür kitabının səhifələri o qədər maraqlı və zəngindir ki, oxumaqla bitmir. Üzeyir bəy xalqımızın mədəniyyətinin hər bir sahəsinə öz töhfəsini verib. Onun sayəsində Azərbaycanda bəstəkarlıq məktəbi formalaşıb, görkəmli musiqiçilər yetişib. Onlardan Səid Rüstəmov, Asəf Zeynallı, Əfrasiyab Bədəlbəyli, Əşrəf Abbasov, Süleyman Ələsgərov, Cövdət Hacıyev, Qara Qarayev, Əminə Eldarova, Məmmədsaleh İsmayılov, Ədilə Hüseynzadə, Hökumə Nəcəfova, bu gün sənət fəaliyyətini davam etdirən Xalq artisti Şəfiqə Axundova və daha bir neçə unudulmaz bəstəkar və musiqiçilər məhz Üzeyir bəyin sinfində oxuyub, ondan dərs alıblar.
O, adi müəllim deyildi, ensiklopedik biliyə malik olan bir şəxsiyyət idi. Bilik və bacarığını ürəyinin, ruhunun vasitəsilə tələbələrinə çatdırırdı. Bu peşəyə Qori Müəllimlər Seminariyasında yiyələnmişdi.
Seminariyanı bitirdikdən sonra, 1904-cü ildən Qarabağ mahalının Hadrut kəndində rus dili müəllimi işləmiş, 1906-1912-ci illərdə isə Bakıda, Bibiheybət məktəbində, sonralar isə şəhərin "Səadət" məktəbində ana dili və riyaziyyat fənnləri üzrə dərs demişdi.
Üzeyir bəyin pedaqoji təcrübəsinin ən yüksək mərhələsi musiqi sənətinin tədrisi ilə bağlıdır. Neçə-neçə sənətkar ondan dərs almışdı.
Üzeyir Hacıbəyli yalnız bəstəkar deyil, həm də böyük maarifçi idi. O, Azərbaycan musiqi mədəniyyətinin inkişafı üçün bir çox pedaqoji fəaliyyətlə məşğul olub.
Jurnalistika və Publisistika Fəaliyyəti:
Üzeyir bəyin ilk məqaləsi 1904-cü il sentyabrın 24-də “Kaspi” qəzetinin 215-ci sayında dərc edilib.
O, 1905-ci ildə Bakıya qayıt¬mışdır. Burada “Həyat” və “İrşad” qəzetləri ilə fəal əməkdaşlıq etmişdir.
Ü.Hacıbəyli fəal yazar olmuşdur. Onun “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət” qəzetlərində, “Molla Nəsrəddin”, “Məktəb” jurnallarında, eləcə də digər mət¬bu nəşrlərdə yüzlərlə məqaləsi, felyetonu dərc edilmişdir. Təkcə Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan “Azərbaycan” qəzetində Üzeyir bə-yin 68 məqaləsi işıq üzü görmüşdür.
1909-cu il iyunundan başlayaraq “Tərəqqi”, “Həqiqət”, “Azərbaycan” qəzetlərində re¬daktor olmuşdur.
Görkəmli publisist yazılarını bu imzalarla çap etdirirdi: “Hacıbəyli Üzeyir”, “Üze-yir”, “Ü.Hacıbəyli”, “Çı”, “Bəhmənkəs”, “Lal uşaq”, “Bisavad”, “Musiqiçi”. Üzeyir bəy “Ordan-burdan”, “O yan, bu yan” başlıqları altında olan felyetonlarına “Filankəs” im¬zası qoyurdu.
Üzeyir Hacıbəylinin 1919-cu il 30 yanvar tarixində “Azərbaycan” qəzetində dərc edilən “Qarabağ haqqında” məqaləsi dövrün tarixi gerçəkliklərini, erməni terrorunu və terror dəstəsinin başçısı Andranik haqqında dolğun məlumatlar verən bir məqalədir.
Mirası və Əbədi Yaşayışı:
Üzeyir Hacıbəyli 1948-ci ildə vəfat etsə də, onun irsi Azərbaycan musiqi mədəniyyətində əbədi yaşayır. Hər il 18 sentyabrda onun doğum günü Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.
O, Azərbaycan musiqisinin ruhunu yaradan və onu dünya səviyyəsinə çıxaran bir sənətkardır. Üzeyir Hacıbəylinin yaradıcılığı Azərbaycan xalqının milli-mədəni kimliyinin simvoludur.
Üzeyir Hacıbəyli Azərbaycan musiqi tarixində yalnız bir bəstəkar deyil, həm də milli dəyərləri qoruyub saxlayan və gələcək nəsillərə ötürən böyük şəxsiyyətdir. Onun yaratdığı əsərlər, qurduğu məktəblər və ilhamlandırdığı nəsillər onu Azərbaycan xalqının yaddaşında əbədi saxlayacaqdır.
Ayhan Ağarzayev