Mədəniyyət

Çingiz Aytmatovun "Gün var əsrə bərabər" əsəri, oxucularını dərin düşüncələrə səsləyən bir hekayədir. Bu əsərdə, "diriyə hörmət qoymursunuz, heç olmasa ölüyə hörmət qoyun" ifadəsi ilə insanlara mənəvi dəyərlərin və əcdadların xatirəsinə ehtiram göstərməyin vacibliyi vurğulanır. Aytmatov, oxucularını keçmişə və tarixi mirasa hörmətlə yanaşmağa çağırır, insanları milli və mənəvi dəyərlərə sahib çıxmağa səsləyir.

Azərbaycanın xalq artisti Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlı Crossmedia.az-a “Gün var əsrə bərabər” tamaşasına dair açıqlama verib:

“Əsərdə Yedigeyin dilindən söylənilir: "Torpaqdan çox heç kim yaşaya bilməz. Torpaqdan kənarda da heç kim var ola bilməz. Hər bir insanın əvvəli də torpaqdır, sonu da torpaqdır. Uca Tanrı, ömrümüzü və həyatımızı bizdən al, amma torpağımızı bizdən alma. Yəni torpaq varsa, millət var; torpaq varsa, Vətən var. Torpaq yoxdursa, Vətən sözü havadan asılmış qalır. Əgər sənin yurd, oba salacaq yerin yoxdursa, ocaq qalayacaq yerin yoxdursa, sən yox olub gedəcəksən. Millət və xalq olaraq sənin var olmağın mümkün deyil. Yalnız o zaman var ola bilərsən ki, o dediklərinin sahibi ola biləsən".

Çingiz Aytmatovun demək istədiyi odur ki, sizin olan şeylərə - yəni Vətənə və torpağa sahib çıxın. Əcdadlarınızın sizə qoyub getdiyi əmanətlərə sahib çıxın. Onların məzarlarının darmadağın olunmasına imkan verməyin. Bir millətin, bir xalqın məzarlığının dağıdılması, onun tarixinin yox edilməsi deməkdir.

Çingiz Aytmatov Yedigey obrazının adını da təsadüfən qoymayıb. Yedigey, bir zamanlar bölünmüş, parçalanmış Türküstanı və bir-birinə qarşı savaşan türküstanlıları birləşdirmək üçün ortalığa çıxmış bir sərkərdədir. Onun mübarizəsi nəticəsində bütün Türküstan birləşdirilir”. Bu, o deməkdir ki, siz bir olduqda güclüsünüz və var olacaqsınız. Bir-birinizə qarşı olub tikə-parça olanda isə siz başqalarının köləsi olacaqsınız. 
Nurəddin Mehdixanlının fikirlərinə görə, sizdən manqurt düzəldəcəklər, yəni beyninizin sahibi olacaqlar. Kölə olmamağın yeganə yolu keçmişinizə, əcdadınıza və tarixinə sahib çıxmaqdır ki, bugününüzə və sabahınıza da sahib çıxasınız.

“Əslində, türk dünyasının bu gün yaşadığı dərdlərin, problemlərin, ağrıların, bölünmələrin və tikə-parça olmanın səbəbi, əsrlər boyu bir-birinə qarşı olmalarıdır. Qardaş qardaşa qılınc çəkib. Qardaş dövlətlər bir-birinə qarşı uzun illər sürən müharibələr aparıblar. Nəticə etibarilə, düşmənlərimizə fürsət vermişik. Bu gün türk dünyası bölük-bölükdür və hələ də bu problemdən xilas ola bilmir.

Bu gün isə türk dünyasının birləşdirilməsi üçün can atılır. Ona görə də, türk dünyası olaraq var olmaq istəyiriksə, bizim bir yerdə olmaqdan başqa çarəmiz yoxdur. Bu gün Türkmənistan mənim vətənimdir, Özbəkistan mənim vətənimdir, Qazaxıstan, Qırğızıstan, Anadolu, Kipr də mənim vətənimdir. Hər bir türk bu şəkildə düşünməlidir.

Düşünməməliyik ki, mən Azərbaycanam və bura mənim vətənimdir, Türkmənistan isə vətən ancaq onundur. Özbəkistan onlardır, mənə nə? Bu anlayış aradan qalxmalıdır. Biz harada bir türk varsa, harada türkün ocağı yanırsa, ora vətəndir. Onun uğrunda savaşıb mübarizə aparmalıyıq. Bu gün ədalətsiz, qan qusan və qan tökməkdən zövq alan dünyaya türkün əxlaqı, mərhəməti, mədəniyyəti və yaşam əxlaqı lazımdır. Bu gün dünyanı xilas edəcək güc, fəlsəfə, türkün əxlaqı və türkün yaşam fəlsəfəsidir. Aytmatov bunları deməyə çalışır”.

Beləliklə, Çingiz Aytmatovun "Gün var əsrə bərabər" əsəri, bizə tarixi mirasımıza və milli dəyərlərimizə sahib çıxmağın, onları qorumağın və keçmişlə gələcək arasında möhkəm bir bağ qurmağın vacibliyini göstərir. Yedigeyin həyat hekayəsi və Nurəddin Mehdixanlının verdiyi dəyərli fikirlər bizə bir daha xatırladır ki, birlikdə olduğumuz zaman güclü və dayanıqlı oluruq. Əcdadlarımızın bizə əmanət etdiyi torpaq və dəyərlərə sahib çıxmaq, gələcəyimizi qurmaq və daha yaxşı bir dünya yaratmaq üçün ən əsas addımlardan biridir. Bu yolda hər birimizin üzərinə böyük məsuliyyət düşür və bu məsuliyyətə layiqincə sahib çıxmaq hər birimizin borcudur.

Samirə Şərif

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il