Hər bir gəncin həyatında ən vacib mərhələlərdən biri karyera qurmağa başlamaqdır. Gənclərin müxtəlif fəaliyyət sahələrini seçimi və həmin sahələrdəki yüksəlişi mövzusunda karyera məsləhətçisi İlkin Şərifov Crossmedia.az-a açıqlamasında öncə gənclərin bu istiqamətdə nə etməli olduqlarını qeyd edib:
"İlk addım özünü tanımaq və fərdi maraqları, bacarıqları analiz etməkdir. Təəssüf ki, cəmiyyətdə gənclərin öz istedadlarını və maraqlarını erkən yaşlarda kəşf etməsinə sistemli formada dəstək göstərilmir. Bir çox gənclər karyera seçimində ailə və dostlarının məsləhətlərindən təsirlənir, öz maraq və potensiallarını nəzərə almırlar. Ailələr çox vaxt uşaqlarına cəmiyyətin “prestijli” hesab etdiyi peşələri məsləhət görür, məktəblər isə bu istiqamətdə heç bir konkret fəaliyyət göstərmir, ən yaxşı halda hansısa müəllimlər tərəfindən fərdi formada nələrsə edilir. Bu boşluq nəticəsində gənclər çox vaxt universitetə daxil olarkən özlərinə uyğun olmayan ixtisaslar seçir və nəticədə nə peşəkar inkişaf edə bilirlər, nə də öz işlərindən mənəvi rahatlıq tapa bilirlər. Dünya təcrübəsinə baxsaq, inkişaf etmiş ölkələrdə artıq orta məktəbdən başlayaraq gənclərə fərdi karyera planlamasında dəstək göstərilir. Məsələn, Finlandiyada, ABŞ və bir çox inkişaf etmiş ölkələrdə məktəblilər üçün peşəkar və sistemli formada müxtəlif proqram və layihələr həyata keçirilir. Hesab edirəm Azərbaycan da bu sahədə ciddi müzakirələr aparılmalı, analoji layihələr həyata keçirməli, xüsusilə regionlarda bu prosesə diqqət ayrılmalıdır".
Məsləhətçi bildirib ki, gənclər karyera seçimi zamanı həm öz maraqlarını, həm də əmək bazarının tələblərini dəyərləndirməyi öyrənməlidirlər:
"Bunun üçün onlara erkən yaşlardan doğru istiqamət verilməli, özlərini kəşf etməyə şərait yaradılmalıdır. Ölkəmizdə bu proses əsasən orta təhsilin sonlarına doğru (8-11-ci siniflər) həyata keçirilir və sistemli fəaliyyət olmadığından pərakəndə formada təşkil olunur. Düzgün seçim etməyən şagird bir çox hallarda istəmədiyi ixtisasda 4 il vaxtını itirir və sonda gedib tamamilə başqa bir sahədə əmək fəaliyyətinə başlayır. Universitetlərlə bağlı vəziyyət nisbətən yaxşı olsada karyera mərkəzlərinin fəaliyyəti hələ də məhdud və formal xarakter daşıyır. Bu məsələnin həlli ilə bağlı ilk olaraq valideynlərin maarifləndirilməsindən başlanılmalıdır. Valideynlər uşaqları bu gün üçün gəlirli hesab olunan yox, onların maraq və bacarıqlarına uyğun peşələrə yönəlməsinə şərait yaratmalıdırlar".
Sonda karyera məsləhətçisi gənclərə bu istiqamətdə bir sıra tövsiyyələr verib:
"Gənclərə tövsiyyələrimi bir neçə əsas istiqamət üzrə konkretləşdirmək istəyirəm: İlk olaraq özlərini kəşf edib, öz bacarıq və maraqlarını müəyyən etmək üçün araşdırma etsinlər. Daima öyrənməyə açıq olsunlar, xüsusi ilə xarici dil bacarıqlarını inkişaf etdirsinlər. Biz gələcək əmək bazarını tam olaraq təsəvvür edə bilməsək də gələcək əmək bazarında xarici dilin olacağını bilirik. Mütləq özləri üçün hədəflər müəyyən edib, həmin hədəflərə çatmaq üçün planlı hərəkət etməyi öyrənsinlər. Demotivasiya olmasınlar - əminliklə deyirəm ki, heç bir uğurlu şəxs qazandığı nailiyyətlərini ilk cəhdində əldə etməyib. Son olaraq doğru sual verməyi tövsiyə edərdim. Doğru sual hər zaman doğru cavabların açarıdır".
Zeynəb Mustafazadə