COP29-un Bakıda keçirilməsi, Azərbaycanın ekoloji siyasətində yeni bir dönüş nöqtəsini işarə edir. Bu beynəlxalq tədbirdən sonra Azərbaycan yaşıl enerji təşəbbüslərini və ekoloji layihələri prioritet olaraq gündəmə gətirir. COP29-un təsiri ilə, Azərbaycanın ekoloji strategiyasında baş verəcək dəyişikliklər və bu dəyişikliklərin həyata keçirilməsi prosesini müşahidə etmək hər birimiz üçün vacib bir mövzu olacaq. Azərbaycanın ekoloji siyasətində aparılacaq yeniliklər ölkənin davamlı inkişafına mühüm töhfələr verəcək.
Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov fikirlərini Crossmedia.az-a bildirib:
“Azərbaycanda ətraf mühitin mühafizəsi haqqında qanunda iqlim dəyişikliyi ilə bağlı müəyyən məsələlər öz əksini tapıb. Lakin, gələcəkdə hər hansı zərurət yaranarsa və yeni risk və təsirlər ortaya çıxarsa, bununla bağlı yeni qanunvericilik təşəbbüsləri irəli sürülə bilər. Bu təşəbbüslər müxtəlif qurumlar və ya ictimai cəmiyyətlər tərəfindən təklif oluna bilər. Bu əsasən bərpa olunan enerji, tullantıların idarə olunması, su ehtiyatları və kənd təsərrüfatı sahələrini əhatə edə bilər. Bu sahələr iqlim dəyişikliyinin təsirinə məruz qalan sahələrdir”
Amin Məmmədovun fikirlərinə görə, bu təşəbbüslərin irəli sürülməsi icra orqanları və vətəndaş cəmiyyəti qurumları tərəfindən həyata keçirilə bilər:
“Ekoloji siyasətin inkişaf etdirilməsi üçün, biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şura olaraq, müxtəlif layihələr üzərində işləyirik və yeni layihələrin həyata keçirilməsi üçün çalışırıq”.
Mövzu ilə bağlı “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli fikirlərini Crossmedia.az-a bildirib:
“COP29-un Bakıda keçirilməsi Azərbaycanda ekoloji siyasətə böyük təsir göstərəcək. Bu mühüm beynəlxalq tədbirdən sonra, Azərbaycanın COP29-a prezidentlik etməsi ekoloji dəyişikliklərə və yaşıl enerjinin təbliğinə yeni təkan verəcək. Gözlənilir ki, ekoloji siyasətin inkişafı üçün yeni layihələr qəbul ediləcək və yaşıl enerjinin təşviqi ilə bağlı qanunvericilikdə dəyişikliklər aparılacaq. Bu çərçivədə, vergi sistemində də yeniliklər olacağı düşünülür.
Əlbəttə ki, Azərbaycanın karbohidrogen yataqları və bu yataqlardan əldə olunan gəlir ölkənin iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır. Ona görə də, ekoloji yeniliklər həyata keçirilərkən, karbohidrogen resurslarından da imtina edilməyəcək.
“Biosfer” İctimai Birliyinin sədrinin fikirlərinə görə, yeni qanunvericilik tədbirləri, bu iki sahəni balanslaşdıraraq, həm yaşıl enerjinin inkişafını təmin etməli, həm də karbohidrogen sektorunun davamlılığını qorumağa çalışmalıdır:
“COP29-un təsiri altında qəbul olunacaq yeni qanunlar və layihələr, Azərbaycanın ekoloji siyasətində mühüm addımlar atılacağını və daha davamlı bir gələcəyə doğru irəliləyəcəyini göstərir. Bu dəyişikliklər həm milli, həm də beynəlxalq səviyyədə əhəmiyyətli olacaq və Azərbaycanın ekoloji strategiyasını gücləndirəcək”.
Samirə Şərif