2020-ci il noyabrın 25-i Azərbaycan tarixində parlaq bir səhifə kimi yadda qaldı – Kəlbəcər rayonu uzun illər davam edən erməni işğalından azad edildi. Bu tarix Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, "Kəlbəcər Şəhəri Günü" kimi qeyd olunmağa başladı.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Mahir Süleymanlı dedi ki, Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Nəticədə, Kəlbəcər və Laçın rayonları, eləcə də Ağdamın işğal altında olan hissəsi tək bir barıt qoxusu belə olmadan Azərbaycana qaytarıldı. Üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonunun 147 yaşayış məntəqəsi, o cümlədən Kəlbəcər şəhəri 2020-ci il noyabrın 25-də azad olundu.
Millət vəkili Kəlbəcərin işğalının, ermənilərin törətdikləri qanlı hadisələrin böyük bir faciə olduğunu və bu dəhşətin heç zaman unudulmayacağını qeyd etdi: "1993-cü ilin 2 aprelində Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcəri işğal etməsi 53 min nəfərdən çox əhalinin öz dədə-baba yurdlarından məcburi köçkün olmasına səbəb olub. İşğal zamanı 511 dinc sakin qətlə yetirilib, 321 nəfər isə əsir götürülüb və itkin düşüb. Rayonun mərkəzi, yüzlərlə kəndi, tarixi və mədəni abidələri, təhsil və səhiyyə qurumları erməni işğalçıları tərəfindən tamamilə məhv edilib".
M.Süleymanlı bildirdi ki, azad edilmiş ərazilərə səfəri zamanı Kəlbəcərin vəziyyətini dəyərləndirən Prezident İlham Əliyev dağıntıların miqyasını vurğulayaraq demişdi ki, "Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”.
Kəlbəcərin azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən tarixi qələbə xalqımızın qürur hissinin Zəfəridir. Kəlbəcərin azad edilməsindən sonra burada genişmiqyaslı bərpa işləri həyata keçirilir. "Böyük Qayıdış" proqramı çərçivəsində rayonda müasir infrastrukturun qurulması, təbii sərvətlərin yenidən istifadəyə verilməsi və əhalinin məskunlaşdırılması istiqamətində layihələr icra olunur.
2021-ci ilin avqustun 16-da Prezident İlham Əliyev Kəlbəcər şəhərində Azərbaycan Bayrağını ucaldaraq, bu möhtəşəm anın tarixi əhəmiyyətini vurğulayaraq qeyd etmişdi ki, “Ermənilər 30 il ərzində bizim torpaqlarımızı ancaq istismar edirdi, təbii sərvətləri talayırdı, evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar - bu torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşmən ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq”.
Kəlbəcərin strateji mövqeyi və zəngin təbii sərvətləri Azərbaycanın iqtisadiyyatını daha da gücləndirəcək əsas amillərdən biridir. Rayonun qızıl, gümüş və digər qiymətli minerallarla zəngin olan yataqları, ölkənin mədən sənayesinin inkişafını sürətləndirərək, iqtisadi artımın təkanverici qüvvəsinə çevriləcək. Bundan başqa, Kəlbəcərin gözəl təbii mənzərələri, termal su mənbələri və "İstisu" kimi unikal müalicəvi məkanları, əhəmiyyətli turizm potensialı yaradaraq, həm yerli, həm də beynəlxalq turistləri cəlb edəcək. Bu da ölkə iqtisadiyyatına əlavə gəlir gətirəcək və yeni iş imkanları yaradacaq.
Bu gün işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Kəlbəcərdə, ekoloji bərpa işləri geniş miqyasda həyata keçirilir. Ətraf mühitin qorunması üçün ağacların əkilməsi, çayların və göllərin bərpası, eləcə də biomüxtəlifliyin yenidən təmin olunması istiqamətində ciddi addımlar atılır. Həmçinin, ərazidə müasir su təsərrüfatı sistemlərinin qurulması və dağ-mədən işlərinin ekoloji standartlara uyğun həyata keçirilməsi planlaşdırılır.
Millət vəkili bildirdi ki, bundan əlavə, Kəlbəcərin infrastruktur layihələri çərçivəsində müasir yollar və tunellər tikilir. Bu layihələr Kəlbəcəri Azərbaycanın digər bölgələri ilə birləşdirərək, həm turizm potensialını artıracaq, həm də regionun sosial-iqtisadi inkişafına töhfə verəcək. Yenilənmiş infrastruktur həm yerli əhalinin rahatlığına, həm də ekoloji dayanıqlığa xidmət edəcək: "Sonda qeyd etmək istəyirəm ki, Kəlbəcərin azad edilməsi Azərbaycanın hərbi və diplomatik gücünün göstəricisi olmaqla yanaşı, xalqımızın birliyinin və əzmkarlığının təzahürüdür.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa işləri nəticəsində Kəlbəcər yaxın gələcəkdə Azərbaycanın ən inkişaf etmiş rayonlarından birinə çevriləcək.
Bu zəfər, Azərbaycan xalqının milli qürur mənbəyi kimi, əbədi olaraq tarixdə qalacaq".
Əsli Telmanqızı