Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb. Müraciətində Prezident tədbir iştirakçılarını salamlayıb və konfransa ev sahibliyi edən Kamboca Xalq Partiyasına təşəkkürünü bildirib.
Prezident qeyd edib ki, ICAPP tədbiri ilə yanaşı, Azərbaycan hazırda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu tədbirdə ekosistemin mühafizəsi üçün müharibələrin qarşısının alınması və ətraf mühitə vurulan zərərlərin aradan qaldırılması məsələlərinin mühüm olduğu vurğulanıb.
Dövlət başçısı 12-ci Baş Assambleya çərçivəsində keçiriləcək müzakirələrin və qəbul ediləcək Pnompen Bəyannaməsinin sülh və əməkdaşlıq məqsədlərinə töhfə verəcəyinə inandığını bildirib. O, tədbirin işinə uğurlar arzulayıb.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan COP29 Təşkilat Komitəsinin üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva qeyd edib ki, COP29 çərçivəsində müzakirə olunan məsələlər Cənubi Qafqazda davamlı inkişafa əhəmiyyətli təsir göstərə bilər. Bu müzakirələrdə transsərhəd çayların və su ehtiyatlarının qorunması, su təhlükəsizliyi, eləcə də Xəzər dənizinə çıxış problemləri əsas diqqət mərkəzində olub və bu mövzular ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Deputat vurğulayır ki , COP29-un Cənubi Qafqazda, ilk dəfə olaraq Azərbaycanda keçirilməsi, regiona diqqətin artmasına, Azərbaycanın beynəlxalq səviyyədə tanınmasına və nüfuzunun yüksəlməsinə şərait yaradır. Azərbaycanın güclü iqtisadiyyatı və iqlim dəyişikliyi ilə bağlı təşəbbüslər irəli sürməsi, ölkənin moderativ rolda çıxış etməsi gələcəkdə turizm, iqtisadiyyat və biznes sektorlarının inkişafına müsbət təsir göstərəcəkdir. Tədbir çərçivəsində bir sıra biznes qurumları ilə əməkdaşlıq razılaşmalarının imzalanması da Azərbaycanın beynəlxalq səviyyədəki aktivliyini bir daha təsdiqləyir.
P,Vəliyeva həmçinin əlavə edib ki , müharibələrin ekologiyaya vurduğu zərərləri vurğulayan Prezident Əliyev, COP29 zamanı Azərbaycan tərəfindən irəli sürülən 14 qlobal təşəbbüsdən biri olan “COP29 naminə Birgə Atəşkəs Çağırışı”nı xüsusi qeyd edib. Bu təşəbbüsdə bildirilir ki, karbon emissiyalarını azaltmaq üçün yalnız texnoloji həllər yetərli deyil. Müharibələrin dayandırılması, həm atmosferin təmizliyinin, həm də insan həyatının qorunması üçün vacibdir. Bu təşəbbüs, qlobal iqlim mübarizəsində Azərbaycanın əhəmiyyətli rolunu bir daha nümayiş etdirir.
Nihat Tahirov