BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi əhəmiyyətli bir tədbirin ölkəmizdə keçirilməsi, Azərbaycanın qlobal məsələlərdəki fəal iştirakını və dünya dövlətləri arasında artan nüfuzunu bir daha təsdiqlədi. Ancaq bu etimad bəzi dairələrdə qısqanclıqla qarşılandı. Onlar Azərbaycanın uğurlarını kölgədə qoymaq məqsədilə müxtəlif təxribatlara əl ataraq, COP29-un təşkilinə mane olmaq üçün müxtəlif kampaniyalar təşkil edirdilər. Onların hamısı, təbii ki, uğursuzluqla nəticələndi. Bu təxribatçıların məqsədi qlobal problemlərin həllinə töhfə vermək deyil, əksinə, Cənubi Qafqazda gərginlik yaradaraq bölgədə sülh və sabitliyi pozmaq idi. Bəs Azərbaycanın yaratdığı yeni reallıqlar nədən ibarətdir və niyə bəzi güc mərkəzləri bundan narahatdır?
Milli Məclisin deputatı Tural Gəncəliyev Crossmedia.az-a açıqlamasında qeyd etdi ki, Azərbaycana qarşı aparılan qarayaxma, iftira və böhtan kampaniyaları, Qərbdə və Amerikada, eləcə də dünyanın müxtəlif yerlərində Ermənistana dəstək verən erməni diaspor təşkilatlarının təsiri ilə həyata keçirilir. Xüsusilə, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti bu kampaniyaların mərkəzində durur. Ermənistanın hərbi məğlubiyyəti ilə Azərbaycanın suverenliyinin tam bərpa olunması və ölkəmizin yeni qlobal güc olaraq önə çıxması, Ermənistanın və onun havadarlarının ciddi narahatlığına səbəb olub. "Bu kimi kampaniyaların arxasında duran əsas səbəblər nələrdir?" sualına T.Gəncəliyev belə cavab verib:
"Azərbaycanın yaratdığı yeni reallıqlar, dondurulmuş və hələ də həll olunmayan problemlər üzərindən müxtəlif fürsətcil imkanlar axtaran güc mərkəzləri üçün əlverişli deyil. Buna görə də onlar Azərbaycana qarşı qarayaxma və iftira kampaniyalarını gündəmdə saxlayırlar. Xüsusilə, COP29 sessiyasının keçirilməsi ərəfəsində bu dezinformasiya kampaniyaları daha geniş vüsət aldı. Bu kampaniyalarda əsasən, insan hüquqlarının pozulması və demokratik prinsiplərə qarşı guya mübarizə aparılması kimi əsassız iddialar irəli sürülür. Halbuki, bu gün biz fikir azadlığının boğulması və müstəqil fikirlərə icazə verilməməsi kampaniyasını elə həmin Avropa İttifaqında və Avropa Parlamentində müşahidə edirik. Azərbaycana və Türkiyəyə qarşı bu cür açıq təzyiqləri daha çox görürük". Deputat qeyd edib ki, Azərbaycan öz yolunda inamla irəliləyir, gücünü və resurslarını inkişaf etdirir: "Əsas məsələ, dezinformasiya kampaniyalarının təsirini neytrallaşdırmaqdır. Bu istiqamətdə Azərbaycan və onun tərəfdaşlarının kifayət qədər gücü mövcuddur. Eyni zamanda, Türk dünyasının aparıcı dövləti kimi Azərbaycan, Türk Dövlətləri Təşkilatının yeni mərhələyə qədəm qoymasına və onların dünya gündəminə təsir edəcək media resurslarının inkişafına töhfə verməlidir".
T. Gəncəliyev həmçinin vurğuladı ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik dövründə də böyük uğurlar qazanıb və dünya müstəmləkəçi ölkələrinin siyasətlərini hər zaman ifşa edib. Dezinformasiyaya qarşı mübarizə apararkən, həmin aborigen xalqların hüquqlarının müdafiəsini ön plana çıxarmaq lazımdır. Bir tərəfdə Qərbin, Amerikanın və Ermənistanın yalançı dezinformasiya kampaniyaları, digər tərəfdə isə müstəmləkə siyasətindən zərər çəkən xalqların hüquqlarının müdafiəsi dayanır. Bu kontekstdə, Azərbaycan haqq və ədalət mövqeyini qoruyur və bu yolda irəliləməyə davam edir. Dünya təcrübəsi göstərir ki, dezinformasiya və qarayaxma kampaniyaları həmişə olub və olacaq, lakin sonda həqiqət və ədalət qalib gəlir. Azərbaycanın işi də məhz haqq və ədalət işidir.
Əsli TELMANQIZI