Prezident İlham Əliyev, Cənubi Qafqazda uzun illərdir davam edən gərginlikləri aradan qaldırmaq və regionda sülhün bərqərar olmasını təmin etmək məqsədilə mühüm addımlar atmışdır. Onun liderliyi altında Azərbaycan, yalnız özünün təhlükəsizliyini və suverenliyini qorumaqla kifayətlənməyib, eyni zamanda qonşu ölkələr ilə qarşılıqlı hörmətə, etimada və sülhə əsaslanan münasibətlərin qurulmasına xüsusi önəm vermişdir. Prezident İlham Əliyevin siyasi fəaliyyəti, sülhün dövrün tələblərinə uyğun olması ilə yanaşı həm də regionun gələcək inkişafına xidmət etdiyi üçün çoxşaxəli bir yanaşma tələb edir. Bu yanaşma, müxtəlif tərəflər arasında dialoq və əməkdaşlıq imkanlarının genişlənməsi, anlaşılmazlıqların qarşısının alınması və daha böyük regional sabitliyin təmin edilməsi məqsədini güdür. Atılan düşünülmüş addımlar, beynəlxalq layihələr Azərbaycanı dünyada önəmli və sözükeçən dövlətlərdən etdi.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq etmiş, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı kimi təşkilatlarda fəal iştirak etmişdir. Bu qurumlar vasitəçiliyi ilə Azərbaycan sülhün və sabitliyin qorunması istiqamətində təşəbbüslər irəli sürmüş və qlobal miqyasda sülhün təmin olunmasına töhfələr vermişdir.
Azərbaycanın humanitar sahədə qlobal təsirini artırmaq üçün bir çox beynəlxalq humanitar layihələrdə iştirak edilmişdir. Azərbaycanın göstərdiyi yardımlar, xüsusilə yoxsul və münaqişə bölgələrindəki ölkələrə, həmçinin təbii fəlakətlərdən zərər çəkmiş ərazilərə göndərilən humanitar yardım, ölkəmizin beynəlxalq aləmdə humanizm və sülhə töhfə verən ölkə olaraq mövqeyini gücləndirmişdir. Eyni zamanda, ölkə rəhbəri beynəlxalq humanitar təşkilatlarla, xüsusən də Qırmızı Xaç və BMT ilə əməkdaşlıq edərək, qlobal sülh və sabitlik üçün müsbət təsir göstərmişdir.
Prezident İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (lCAPP) 12-ci Baş Assambleyasının iştirakçılarına ünvanladığı məktubda əksini tapan mesajlara münasibət bildirən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev Crossmedia.az-a açıqlama verib:
“Azərbaycan dövlətinin apardığı əsas siyasət, istər daxili, istər xarici siyasətdə, suverenliyimizin bərpası və eyni zamanda onun qorunması, təhlükəsizliyimizə olan təhdidlərin qarşısının alınması üçün addımların atılması, hər bir Azərbaycan vətəndaşının rifahını təmin etməyə yönəlmişdir. 44 günlük müharibədə də Ali Baş Komandanın qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun cəsarəti, eyni zamanda şəhadəti şərəf sayan Azərbaycan igidlərinin valideynlərinin vəhdəti önəmli rol oynadı.
44 günlük müharibədən sonra Qarabağda qalan erməni quldur dəstələri onlara edilən xəbərdarlıqlara əhəmiyyət vermədilər. Lakin keçirilən antiterror əməliyyatı nəticəsində bütün Qarabağda Azərbaycan bayrağı dalğalandırıldı. Bundan sonra prezident və parlament seçkiləri tam şəkildə Azərbaycan Konstitusiyasına uyğun olaraq həyata keçirildi. Biz bir daha istər Cənubi Qafqaza, istərsə də dünyaya göstərdik ki, BMT-nin qətnamələr qəbul etməsinə və bu qətnamələrdə ərazi bütövlüyümüzün tanınmasına baxmayaraq, erməni qəsbkarları torpaqlarımızı boşaltmadı. Lakin biz bu vəzifəni tam şəkildə həyata keçirərək torpaqlarımızı azad etdik.
Bundan sonrakı əsas məsələ yurdundan didərgin düşmüş soydaşlarımızın öz torpaqlarına qayıtmasıdır. Bu məsələyə mane olan əsas faktor isə minatəmizləmə işlərinin aparılmasıdır. Artıq Azərbaycanın İranla olan sərhədi tam bərpa edilib, 13 km ərazidə delimitasiya demarkasiya işləri başa çatıb. 500 km yaxın olan ərazilərimiz və şərti sərhədlərimizlə bağlı da danışıqlar aparılır. Məramımız və məqsədimiz heç bir dövlətin suverenliyinə göz dikmədən öz sərhədlərimizi və suverenliyimizi bərpa etmək idi. Biz heç kimdən asılı olmayan daxili və xarici siyasət yürüdürük ki, bu da bəzi dövlətlərdə qıcıq yaradır”.
Deputat Arzu Nağıyev həmçinin Azərbaycan-Ermənistan arasındakı mövcud vəziyyətdən də danışıb: “Bu gün Azərbaycan-Ermənistan arasında imzalanacaq sülh müqaviləsində vasitəçilik etmək istəyən dövlətlərin sayı çoxdur. Kimisi özünü dost kimi göstərməyə çalışır, kimisi isə dırnaqarası humanistliyini nümayiş etdirmək istəyir. Lakin zaman göstərir ki, ən yaxşı yanaşma vasitəçi olmadan, bir-birimizi başa düşərək sülh müqaviləsini imzalamaqdır. Bu yöndə də müvafiq addımlar atılmaqdadır.
Azərbaycan sülhsevər, dinc quruculuq işləri ilə məşğul olan bir dövlətdir. Biz dünyaya göstəririk ki, vuruşduğumuz kimi, suverenliyimizin qorunması yolunda da ən ciddi addımları atacağıq. Hərbi potensialımız da buna tam şəkildə imkan verir. Azərbaycan Ordusu dünyanın ən güclü ilk 50 ordusu sırasındadır. Müasir silahlarla təchiz olunmuş, eyni zamanda hibrid müharibəni peşəkar şəkildə apara bilən, havada, quruda və suda döyüşməyə daim hazır olan ordumuz var. Eyni zamanda, xüsusi xidmət orqanlarımız da bu istiqamətdə peşəkar fəaliyyətlər həyata keçirir. Bu gün hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyir və qarşıya qoyulan məqsədlərin təhlükəsizliyimizə və rifahımıza xidmət etdiyini bilir”.
Azərbaycanın daxili və xarici siyasətdə əldə etdiyi uğurlar, yalnız ölkəmizin təhlükəsizliyinə deyil, həm də regionda sabitliyin təmin olunmasına xidmət edir. Qarabağın işğaldan azad edilməsi, erməni silahlı dəstələrinin zərərsizləşdirilməsi, ölkəmizin beynəlxalq təşkilatlarda fəal iştirakı və qlobal miqyasda sülh təşəbbüsləri bunun bariz nümunəsidir.
Azərbaycan həm də iqtisadi, hərbi və diplomatik sahələrdə əldə etdiyi nailiyyətlər vasitəsilə beynəlxalq nüfuzunu artırmışdır. Xüsusən müasir ordu quruculuğu və regionun gələcək inkişafına yönəlmiş strateji layihələr ölkəmizi həm Cənubi Qafqazda, həm də dünyada önəmli və etibarlı tərəfdaşa çevirmişdir. Eyni zamanda, humanitar təşəbbüsləri və beynəlxalq yardımları ilə Azərbaycan sülhsevər və humanist mövqeyini dünyaya nümayiş etdirməkdədir.
Nəticə olaraq, Prezident İlham Əliyevin apardığı siyasət və atılan addımlar Azərbaycanın sabit, güclü və beynəlxalq səviyyədə təsirli bir dövlət olduğunu sübut edir. Bu siyasət həm vətəndaşların rifahını, həm də regionda davamlı sülh və inkişafı təmin etmək məqsədini güdür. Azərbaycan dövlətinin gələcək strategiyası, milli maraqlara uyğun olaraq, təhlükəsizliyin, suverenliyin və rifahın təmin edilməsi istiqamətində davam edəcəkdir.
Ayhan Ağarzayev