Gündəm

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) yekunlaşır. Bu tədbir Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirməklə yanaşı, bütün dünya mediasının diqqətini də ölkəmizə cəlb etdi. Konfransboyu bir sıra ölkələrin iştirak etməməsi də müzakirələrə səbəb oldu. Xüsusilə, Ermənistan və Fransa…

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Tural İrfan bildirib ki, COP29-da iştirak etməyən ölkələrin bir qismi iqlimi korlayan dövlətlərdir:

“Digər qismi isə Azərbaycanın inkişafını, qələbəsini həzm edə bilməyən, qərəzli münasibət göstərən ölkələrdir. Fransa, ümumiyyətlə, Türkiyə və Azərbaycana qarşı qərəzli, subyektiv münasibət sərgiləyir. Ermənistanı Azərbaycana qarşı təhrik edir, silahlandırır. Şübhəsiz ki, Fransanın Ermənistana peşkəş etdiyi silahlar müqabilində Ermənistan da havadarının üzünü turşutmamaq üçün COP29-da iştirak etməyib. Fransa, orta əsrlərdəki səlibçi təfəkküründən əl çəkməyən, müsəlman aləminə və Türk dünyasına qarşı düşmən mövqedə olan bir dövlətdir. Ermənistanı isə qara gözünə yox, sırf Türkiyə və Azərbaycan əleyhinə istifadə etmək üçün dəstəkləyir. Lakin Ermənistan gərək Fransanın təhrikinə uymasın, qonşu dövlətlərlə, əsasən də Azərbaycan və Türkiyə ilə normal münasibətlər qursun və sülh şəraitində yaşasın. Əks halda, min kilometrlərlə uzaqda olan dövlətlərin məkrli planlarına alət olmaqla tamamilə qurban gedə bilər.

Fransa bu tədbirdə iştirak etməməklə ümumbəşəri problemlərin həllində maraqlı olmadığını, sülhə və sağlam dünyaya qarşı olduğunu bir daha göstərdi. Onlar elə bilirlər ki, bütün bu mövzuları və tədbirləri yalnız özləri keçirməlidir, özləri başçılıq etməlidir. Amma başqa ölkələr, xüsusən də müsəlman dövlətləri belə tədbirlər keçirəndə ona bəhanə tapır, əsassız iradlar və iftiralar yağdırırlar”.

Politoloq Fransanın iştirak etməməsi ilə nə Azərbaycanın, nə də digər ölkələrin heç bir şey itirmədiyini vurğulayıb:

“Necə deyərlər, xoruz olmasa da səhər açılır. Dünya Fransa ilə başlamırdı ki, onun iştirak etməməsinə görə zülmətə bürünsün. ATƏT-in Minsk qrupunun üzvü kimi illərlə riyakar sifət göstərib, üzdə obyektivlik maskası taxaraq əslində Ermənistana dəstək verib, işğala haqq qazandırıb. İndi isə Azərbaycanın bariz qələbəsini həzm edə bilmir. Artıq riyakarlıq maskası düşüb, açıq qərəzini göstərir. Ermənistanı sülhdən yayındırmağa, hətta müharibəyə təhrik etməyə çalışır.

Ermənistan da iştirak etməməklə sülhdən qaçdığını, yaxınlaşmaq əvəzinə uzaqlaşmaq niyyətində olduğunu və belə qərarlarda Fransa kimi havadarlarının əmrindən çıxa bilmədiyini sübut etdi. Dünya bir daha gördü ki, Azərbaycan nəyə qadirdir. Bu beynəlxalq tədbir təkcə Azərbaycan üçün deyil, ümumbəşəri bir mövzu ətrafında olduğu üçün bütün dünyanı maraqlandıran bir konfrans idi. Belə beynəlxalq tədbirə ev sahibliyi edən Azərbaycan dünyaya təkcə öz problemlərini həll etməklə deyil, həm də ümumbəşəri narahatlıqların həllində maraqlı olduğunu nümayiş etdirdi. Belə bir ölkə ilə isti münasibətlərdən qaçmaq, tədbirdə iştirakdan yayınmaq, xəbisliyin və sülhün əleyhinə olmağın açıq-aşkar göstəricisidir”.

Gülay Məmmədova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il