Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 25-də BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak etmək üçün Portuqaliyaya səfərə yola düşür.
Crossmedia.az İdarəyə istinadən xəbər verir ki, BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə Şeyxülislam A.Paşazadə Portuqaliyanın Kaşkai şəhərində 26-27 noyabr tarixlərində baş tutacaq BMT Sivilizasiyalar Alyansının «Sülhdə birlik - etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması» mövzusunda 10-cu Yubiley Qlobal Forumunun açılışında iştirak edəcək, «Bəşəriyyət naminə iyirmi illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq» mövzusunda ilk plenar toplantısında və «Dini məkanların mühafizəsi üzrə qlobal konfrans»ında çıxışlar edəcək.
BMT Sivilizasiyalar Alyansının yaranmasının iyirmi illiyinə həsr olunmuş 10-cu Qlobal Forumda BMT-nin Baş Katibi Antonio Qutteriş iştirak edəcək.
Noyabrın 27-də Şeyxülislam A.Paşazadə Lissabonda baş tutacaq KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının yeni tərkibdə ilk toplantısında iştirak edəcəkdir. Şeyxülislam A.Paşazadə Beynəlxalq Mərkəzin Direktorlar Şurasının üzvüdür.