Rusiya-Gürcüstan münasibətləri bu gün də gərgin olaraq qalır və bu, regionda siyasi və iqtisadi dinamikanı artırır. Bu gərginlik həm də Gürcüstanın daxili siyasi sabitliyinə təsir edir, çünki ölkədə fərqli qruplar xarici siyasət prioritetləri məsələsində bölünmüş vəziyyətdədir. Həm diplomatik əlaqələrin olmaması, həm də tarixən formalaşmış qarşılıqlı narazılıqlar tərəflər arasında dialoqu çətinləşdirir.
Bir neçə gün əvvəl çıxışında Zaxarova, Gürcüstanla diplomatik əlaqələrinin olmadığını, lakin iki xalqı ortaq tarix, mədəniyyət və iqtisadi əlaqələrin birləşdirdiyini vurğulayıb. Onun fikrinə rəy bildirən politoloq Zaur Məmmədov Crossmedia.az-a açıqlaması zaman bildirib ki, “Zaxarovanın açıqlamaları göstərir ki, Gürcüstanda baş verənlər Rusiya ilə ABŞ arasında gedən geosiyasi mübarizənin bir hissəsi kimi dəyərləndirilməlidir”.
Ekspertin sözlərinə görə, Gürcüstanda baş verən hadisələr onu göstərir ki, vəziyyət elə də ürəkaçan deyil, çünki söhbət ölkə daxilində cəmiyyətin bir neçə ideoloji istiqamətə bölünməsindən gedir. Söhbət Gürcüstan vətəndaşlarının öz gələcəklərini fərqli istiqamətlərdə görməsindən gedir. Hər bir dövlətin və cəmiyyətin gələcəyi üçün milli vəhdət vacibdir və eyni zamanda həmrəylik çox önəmli nüanslardan biridir.
O vurğulayır ki, Qərbin vaxtı ikən etdiyi rəngli inqilablara baxdıqda, həmin ölkələrdə tamam fərqli mənzərə ilə qarşılaşırıq. Bu cür proseslər bilərəkdən tətbiq edilir və nəticədə milli identikliyə zərbə vurulur. Milli, etnik və dini kimliklə bağlı eyni cəmiyyət daxilində pərakəndəlik yaranır. Bu isə həmin ölkələrdə sabitliyin pozulmasına səbəb olur.
Politoloqun fikrincə, nəticə hamının gözü qarşısındadır: müəyyən ölkələrin bir-birinə qarşı apardığı geosiyasi mübarizələr ciddi fəsadlara gətirib çıxarır. Bu, siyasi mübarizələrin doğurduğu fəsadlardan biridir. Gürcüstanda nə olacağı zamanla məlum olacaq, amma fakt odur ki, ölkədə seçkilər keçirilib, lakin bu seçkiləri qəbul etməyən müxalifət var.
Z.Məmmədov qeyd edir ki, müxalifət seçkilərlə barışmaq istəmir. Lakin onların arasında tam birləşmə yoxdur, çünki onları birləşdirən yeganə səbəb hökumət partiyasının hakimiyyətdə olmasıdır. Hazırda Gürcüstandakı siyasi mübarizələri müşahidə edirik. Zaxarovanın açıqlamaları da göstərir ki, Gürcüstanda baş verənlər Rusiya və ABŞ arasındakı mübarizə ilə paralel qiymətləndirilməlidir.
Gültac Mehdizadə