Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirib ki, Qərb Rusiya və Belarusa qarşı hərbi əməliyyatlara hazırlaşır. Həmçinin o qeyd edib ki, nüvə məsələsi xüsusi narahatlıq doğurur. Belarus və Rusiya kəskin geosiyasi qarşıdurma kontekstində artan təhlükəsizlik təhdidləri ilə üz-üzədir. Bəs yaxın vaxtlarda iki tərəf arasında müharibə olması gözlənilirmi?
Məsələ ilə bağlı politoloq Zeynal Əmrəliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, Ukrayna üzərində Qərb və Rusiya arasında gərginlik artdıqca təbii ki, Belarusu da təhlükəyə gözləyir:
"Çünki Ukrayna müharibəsinin ilk günlərindən Belarus Rusiyanın yanında yer aldı və faktiki olaraq Rusiyaya dəstək verməyə başladı. Düzdür, Belarus qoşun göndərmədi, lakin Belarus tərəfindən mühüm silah dəstəyi, logistika dəstəyi göstərildi. Bu ölkənin prezidenti Aleksandr Lukaşenko açıq şəkildə Rusiyanın tərəfini tutduğunu bəyan etdi. Bu isə istər-istəməz Belarusu Qərbin hədəfinə gətirir. Belarusun ehtiyat etdiyi məsələ odur ki, əgər Rusiya və Qərb arasında hansısa bir toqquşma yaşanarsa, burada Belarus iki tərəf arasında qala bilər və Qərb faktiki olaraq Belarusu hədəf kimi seçə bilər. Həmçinin nəzərə alaq ki, Rusiyanın Belarusda xeyli sayda bazaları var, və bu bazaların hədəf halına gəlməsi mümkündür, yəni Qərb burada əməliyyat keçirə bilər. Bütün bunlar da Belarus hakimiyyətini narahat edir və onlar əllərində olan məlumatlara istinadən bildirirlər ki, məhz bu cür şəraitdə Qərb Belarusa hücum edə bilər".
Qərb tərəfindən bu hücumun baş verib-verməməsi məsələsinə gəldikdə isə politoloq qeyd edib ki, Belarus ətrafında əməliyyatın olması Rusiya və Qərb arasındakı gərginlikdən asılı olacaq:
"Yanvar ayında Amerika Birləşmiş Ştatlarında hakimiyyət dəyişəcək və Donald Tramp and içərək Ağ Evin yeni sahibi olacaq. Əgər bundan sonra Amerika Birləşmiş Ştatları və Rusiya anlaşa bilsə, Belarusu hansısa bir təhlükə gözləmir. Əks halda Qərb Rusiya bazalarına qarşı hücuma start verərsə,o zaman Belarus, daha doğrusu Belarusda olan Rusiya bazaları hədəf halına gələ bilər".
Gülşad İbrahimova