Texnologiya

Ağıllı telefonlar, planşetlər, kompüter və s. bu gün həyatımızın ayrılmaz parçasına çevrilib. Bir sözlə desək, texnologiya əsrindəyik. Bunun müsbət tərəfləri olsa da, mənfi tərəfləri  də çoxdur. Xüsusilə də, uşaqlar üçün təhlükə mənbəyinə çevrilə bilər. Bəs müasir dövrdə uşaqların texnologiyadan istifadəsi və bunun onların inkişafına təsiri nələrdir?

Crossmedia.az mövzu ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Araz Mustafaya müraciət edib.

Ekspert bildirib ki, informasiya texnologiyaları həyatımızın mühüm və əvəzolunmaz bir hissəsisinə çevrilib:

“Bu texnologiyalar bütün sahələrdə insanların rifahının yaxşılaşdırılması üçün istifadə edilir. İndiki dövrdə hansısa bir sahəni informasiya texnologiyalarsız - kompütersiz, smartfonlarsız və ya digər elektron cihazlar olmadan təsəvvür emək mümkün deyil. Təhsildən səhiyyəyə, bankçılıqdan əyləncəyə qədər hər sahədə informasiya texnologiyaları mütəmadi olaraq inkişaf edir və eyni zamanda insanların həyat tərzini dəyişdirir. Elektron cihazlar cavan və yaşlı nəsil ilə yanaşı uşaqlar tərəfindən də geniş şəkildə istifadə edilir”.

Onun sözlərinə görə, uşaqların elektron cihazlardan istifadəsi indiki dövrdə qaçınılmazdır. Uşaqları elektron cihazlardan məhrum etmək düzgün davranış deyil. Müasir texnologiyalar ilə tanış olmaq, onlardan istifadə etmək onlara da lazımdır. Uşaqların texnologiya ilə inteqrasiyası gələcəkdə onların əsas rəqəmsal bacarıqlara sahib olmasına kömək edir. Çünki texnologiyaya uyğunlaşmaq müasir dövrümüzdə iş və təhsil mühitində çox önəmlidir. Eyni zamanda, elektron cihazlar uşaqların öyrənmə və təhsil prosesinə daha erkən yaşlardan cəlb olunmasına imkan yaradır. Nümunə üçün deyək ki, əgər uşaq kiçik yaşlarından müxtəlif dillərdə olan çizgi filmlərinə baxırsa bu filmlər uşağın fikir, düşünmə, linqvistik və analitik bacarıqlarının artmasına köməkçi olur. Bundan əlavə elektron cihazlar vasitəsilə uşaqlar müxtəlif mövzuları öyrənir, maraqlarına uyğun biliklər əldə edir və sosial media, o cümlədən mesajlaşma vasitəsilə dostları ilə ünsiyyət qururlar.

Mütəxəssisin bildirdiyinə görə, texnologiya düzgün şəkildə istifadə edildikdə uşaqların idrak və yaradıcılıq bacarıqlarını inkişaf etdirə bilər. Alqoritm öyrədən oyunlar və ya təhsil məqsədli tətbiqlər bu bacarıqları dəstəkləyir. Ancaq ekran qarşısında uzun müddət keçirmək sosial bacarıqlara mənfi təsir göstərə bilər. Düzgün istifadənin təmin olunması, yəni həm texnologiyadan istifadə, həm də sosial fəaliyyətlərdə iştirak uşaqların emosional və sosial inkişafı üçün əhəmiyyətlidir:

“Düzdür, bu sadaladığımız faktorların uşaqların inkişafına müsbət təsiri çoxdur, amma qəbul olunmuş çərçivədən kənara çıxılarsa biz informasiya texnologiyalarının mənfi tərəfləri ilə də qarşılaşa bilərik.  Uşaqlar üçün elektron cihazların təhlükəsizliyi çox vacibdir. Elektron cihazların demək olar ki, hər biri internet resursuna qoşuludur və bu resurslarda müxtəlif təhlükələr mövcuddur”.

Həmçinin o bildirib ki, ümumilikdə uşaqlar üçün vaxt limitinin müəyyənləşdirilməsi ilə yanaşı müəyyən qaydalar da müəyyən olunmalıdır. Mütəxəssisin fikrincə, eyni zamanda kiçik yaşlı uşaqlar üçün mütləq şəkildə valideynlər tərəfindən müvafiq filtr və nəzarət proqramları quraşdırmalıdırlar. Belə proqramlar çox vaxt elektron cihazların əməliyyat sistemlərinin təminatçıları tərəfindən pulsuz təqdim edilir (Android üçün Family link, Apple üçün Screen Time və s.). Bu proqramlar vasitəsilə uşaqların cihazlara yüklədikləri tətbiqləri, internet resurslarına çıxış imkanlarını məhdudlaşdıra və nəzarətdə saxlanıla bilər. Bundan əlavə yeniyetmələrə internetin faydalı tərəfləri ilə yanaşı, potensial təhlükələri barədə də məlumatlar verilməlidir.

Araz Mustafanın sözlərinə görə, ən önəmli məqamlardan biri də fərdi məlumatların təhlükəsizliyidir. Mütəmadi olaraq valideynlər və müəllimlər tərəfindən uşaqlara fərdi məlumatlarla bağlı tövsiyələr vermək,  onları maarifləndirmək lazımdır. Bəzi sosial media platformaları və internet saytları yaş məhdudiyyətlərinə malikdir. Lakin yaş məhdudiyyəti olmayan platformalar vardır ki, burada profil açarkən məxfilik tənzimləmələri yoxlamaq, ünsiyyəti və paylaşımları tanış olmayan şəxslərə bağlamaq, yalnız tanıdıqları şəxslərlə məhdudlaşdırmaq vacibdir. Bu və ya buna bənzər platformalarda uşaqlara fərdi məlumatlarının məxfi qalmasının əhəmiyyətini başa salmaq lazımdır. Sadə şəkildə desək onlara adları, yaşadıqları yer barədə məlumat, telefon nömrəsi kimi məlumatların gizli qalmalı olduğu izah etmək vacibdir. Uşaqlar belə məlumatların paylaşılmasının nə qədər təhlükəli olduğunu bilsələr daha ehtiyatlı davranarlar. Fərdi məlumatların qorunması məqsədi ilə uşaqların platformalardakı hesabları üçün güclü və mürəkkəb şifrələr yaratmaq, şifrələri heç kimlə paylaşmamağı öyrətmək vacibdir:
“Əyləncə və tədris məqsədilə istifadə ediləcək bir çox resurslar vardır ki, uşaqlar üçün onlardan istifadə faydalıdır. Məsələn, "National Geographic Kids", "Khan Academy Kids" və "Duolingo Kids" həm əyləncə, həm də tədris yönümlü məzmunlar təqdim edir. Ayrıca, "Scratch", "Lightbot" və "Tynker" kimi proqramlar uşaqların məntiq və proqramlaşdırma bacarıqlarını artırmaq üçün çox faydalıdır. Kitab oxumağı sevənlər üçün "Epic!", "Storyline Online" və "Audible Kids" kimi platformalar da çox yararlıdır”.

Son olaraq ekspert deyib ki, uşaqların elektron cihazlardan istifadəsi həm faydalı, həm də zərərli ola bilər. Əsas məsələ uşaqların informasiya texnologiyalarından istifadəsinin düzgün şəkildə tənzimlənməsidir. Uşaqlarların texnologiyalardan qaydalar çərçivəsində nəzarətli istifadəsi onlar üçün faydalı ola bilər. Eyni zamanda bu qaydalar uşaqların elektron cihazlar asılılığından və digər mənfi təsirlərdən qoruyacaqdır. Valideynlər və müəllimlər bu prosesi diqqətlə izləməli, onların cihazdan istifadəsini tədris, inkişaf və yaradıcılıq məqsədinə yönləndirməlidir. Bu tədbirlərlə yanaşı uşaqların təhlükəsiz və etibarlı mənbələrdən istifadə etməyinə əmin olmalıyıq. Belə olduğu təqdirdə texnologiyalar uşaqların inkişafına dəstək olacaq, mənfi təsirləri isə minimuma enəcək.
 

Samirə Kərimli

Nəzrin Salmanova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il