Texnologiya

Türkiyənin ilk kvant kompüteri “ASELSAN” və “TOBB İqtisadiyyat və Texnologiya Universiteti”nin əməkdaşlığı ilə inkişaf etdirilib. Uzun illərdir, üzərində iş aparılan bu layihə Türkiyənin texnologiya infrastrukturunu irəliyə apararaq qlobal miqyasda bir aktor halına gəlməsini təmin edib. Bu gün keçirilən təqdimatla birlikdə kvant kompüteri rəsmi olaraq fəaliyyətə başlayıb.

Sosial media hesabında tədbiri paylaşan müdafiə sənayesi naziri Haluk Görgün bunları bildirib:

“Prezident köməkçisi Cevdet Yılmazın iştirakı ilə “TOBB ETÜ” tərəfindən hazırlanmış ‘5 KUBİT Kvant Kompüteri Təqdimat Mərasimi’ndə iştirak etdik. Nazirlik olaraq, xüsusilə kritik texnologiyalarda xarici asılılıqdan qurtulmaq ən əsas məqsədimizdir.

Gələcəyin müharibə şəraitində kvant texnologiyalarının; hissedici, rabitə, şifrələmə, hesablama, alqoritm və prosessorlar kimi bir çox sahədə istifadə edilməsi və hazırda mümkün olmayan çoxsaylı imkanların müharibə şəraitində reallaşdırılması proqnozlaşdırılır. Bu çərçivədə kvant sahəsində çalışan bütün qurum və təşkilatlara təşəkkür edir, uğurlar arzulayıram.

Daim inkişaf edən və dəyişən alternativ kvant texnologiyaları ölkəmizin inkişafına xidmət edən bu sahədəki bütün işlər üçün; başda universitetlər olmaqla, əlaqəli dövlət qurumları, mülki və müdafiə sənayesi şirkətləri, KOBİ-lər və tədqiqat mərkəzlərinin nümayəndələri ilə birlikdə birgə çalışacağıq. İştiraklarına və dəstəklərinə görə prezident köməkçisi Cevdet Yılmaza, elmi irəliləyişlərə verdiyi dəyərli töhfələrə görə “TOBB ETÜ”yə təşəkkür edirəm.”

Sosial media hesabında tədbiri paylaşan Türkiyənin prezident köməkçisi Cevdet Yılmaz bunları deyib:
“Bu gün Türkiyənin İlk Kvant Kompüteri Təqdimat Mərasimi proqramında iştirak edərək ölkəmizin texnologiya dünyasında atdığı tarixi addıma şahidlik etdik. “TOBB ETÜ” tərəfindən hazırlanan yerli kvant kompüteri; kriptoqrafiya, süni intellekt, müdafiə sənayesi və materialşünaslıq kimi bir çox sahədə ölkəmizin beynəlxalq rəqabət gücünü artırmağı hədəfləyir.

Universitet daxilində qurulacaq “Kvant Ekosistemi” ilə gənc tədqiqatçılarımıza yerli avadanlıq və komponentlər hazırlamaq imkanı yaradılması və kvant texnologiyaları sahəsində işləməyə təşviq edilməsi olduqca vacibdir. Bu münasibətlə layihədə əməyi keçən hər kəsi ürəkdən təbrik edir, “Türkiyə Əsri Milli Texnologiya Hərəkatı”nın bir hissəsi olan ilk yerli kvant kompüterimiz ‘QuanT’ın bütün millətimiz üçün xeyirli olmasını arzulayıram.”

Kvant texnologiyalarının tarixi və inkişafı

“Kvant texnologiyaları” elm və texnologiya dünyasında iki böyük inqilabla yadda qalıb. İlk kvant inqilabı atomun quruluşunu və elektromaqnit sahələrinin təbiətini riyazi olaraq izah etməyi mümkün etmiş və tranzistor, lazer kimi müasir cihazların əsasını qoymuşdur.

İkinci kvant inqilabı isə bu fundamental biliklər üzərində qurularaq kvant xüsusiyyətlərinin manipulyasiyası ilə hesablama, rabitə və hissedici sahələrdə klassik hədləri aşan tətbiqlərin inkişafını təmin edib. Bu ikinci inqilabla birlikdə kvant kompüterləri radar sistemləri və ultra təhlükəsiz rabitə şəbəkələri kimi yenilikçi texnologiyaları həyatımıza gətirməyə başladı.

Türkiyənin ilk kvant kompüteri də “ASELSAN” və “TOBB ETÜ”nün əməkdaşlığı ilə hazırlanıb. Bu kompüter klassik kompüterlərdən fərqli olaraq “kubit” adlanan vahidlərdən istifadə edir. Kubitlər eyni anda həm 0, həm də 1 ehtimallarını saxlayaraq klassik bitlərdən qat-qat üstün hesablama gücünə malikdir.

Emil Nağızadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il