Texnologiya

Çinli avtomobil şirkəti BYD sürətlə böyüməyə davam edir.

Crossmedia.az xəbər verir ki,  Bloomberg-in məlumatına görə, BYD bu ilin sonunda illik satış rəqəmlərində 120 illik nəhəng Ford-u geridə qoyaraq ilk 10 avtomobil istehsalçısı sırasına daxil olacaq.

BYD oktyabr ayında 543 min və son rübdə 1,13 milyon avtomobil sataraq, 1,1 milyon satış edən Ford-u keçməyi bacarıb. Satış sürətini hər gün artıran BYD-nin il sonuna qədər Ford-u keçməsi gözlənilir. BYD yalnız ənənəvi avtomobil istehsalçılarını deyil, eyni zamanda son rübdə ilk dəfə gəlir baxımından Tesla-nı da geridə qoymağı bacarıb. Şirkətin 2024-cü il ərzində 4 milyon satış həddini aşması gözlənilir.

Çin şirkəti yalnız elektrikli deyil, hibrid avtomobillərlə də uğurlu satış göstəricilərinə nail olur. Bu uğurda, Çinin elektrikli avtomobillərə tətbiq etdiyi subsidiyalar da böyük rol oynayır.

BYD Çində işlərini yaxşı aparsa da, gələcəkdə Avropa və ABŞ bazarında böyümə planları problemlə üzləşə bilər. Avropa İttifaqı, yaxın günlərdə Çinin elektrikli avtomobil istehsalçılarına tətbiq etdiyi "ədalətsiz subsidiyalar" səbəbilə BYD-yə əlavə 17% vergi tətbiq edib. ABŞ isə Çinli istehsalçılara 100% gömrük vergisi qoyub. Çin şirkəti Avropaya edəcəyi zavod sərmayələri ilə bu vergilərdən qaçmağı hədəfləsə də, keçən həftə Kanadaya daxil olma planlarını təxirə saldığını açıqlayıb.

Donald Trampın seçkiləri qazanması ilə Çin və hətta Avropa avtomobil istehsalçıları üçün vergilər daha da arta bilər. Bu vəziyyət, Detroit mərkəzli üç böyük avtomobil istehsalçısı olan Ford, GM və Chrysler (hazırda Stellantis qrupunda yer alır) üçün üstünlük təmin edə bilər.

BYD hələlik minik avtomobilləri üçün ABŞ və ya Kanada bazarına daxil olmasa da, sürətlə böyüməyə davam edir. Bu ayın əvvəlində, BYD-nin baş vitse-prezidenti He Zhiqi, avqust-oktyabr dövründə istehsal gücünü təxminən 200 min vahid artırdıqlarını açıqlayıb.

Digər tərəfdən Stellantis, Volkswagen və Nissan kimi ənənəvi avtomobil istehsalçıları çətinliklə üzləşir. Zavodların bağlanması, istehsal gücünün azaldılması və işçi ixtisarları ilə maliyyəti azaltmağa və elektrikli avtomobillərə keçid prosesinə uyğunlaşmağa çalışırlar.

Emil Nağızadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il