Texnologiya

Gün keçdikcə inkişaf edən texnologiyalar avtomobil dünyasında da bir çox yeniliklərə yol açır. Xüsusilə Tesla avtomobillərində alışdığımız telefon vasitəsilə qapıların kilidini açıb-bağlama, baqajı idarəetmə kimi funksiyalar digər avtomobil markaları üçün də tətbiq olunmağa davam edir. Verilən açıqlamalara görə, "Samsung" və Audi yeni bir razılaşmaya imza atıblar. Bu razılaşmaya əsasən, artıq "Samsung Wallet" vasitəsilə Audi avtomobillərinə giriş mümkün olacaq. 

Gündəlik istifadə zamanı avtomobil açarını daşımaq istəməyən istifadəçilər daha çox texnologiya yönümlü avtomobillərə maraq göstərməyə başlayıblar. Telefon tətbiqi vasitəsilə bir toxunuşla bütün qapıların kilidini açmaq, kondisioner rejimini tənzimləmək kimi funksiyalar istifadəçiləri cəlb edir. "Samsung" və Audi də bu yeni razılaşma ilə "Samsung Wallet" üzərindən avtomobilin qapılarını və baqajını açmaq funksiyasını istifadəyə təqdim edir.

Əgər Audi avtomobilinizin açarı yanınızda deyilsə, "Wallet" tətbiqi vasitəsilə bütün qapıların kilidlərini aça və avtomobili işə sala bilərsiniz. EAL6+ təhlükəsizlik standartına sahib bu sistemdən istifadə etmək üçün biometrik tanınma və ya kod tələb olunur.

Bundan əlavə, tətbiq vasitəsilə rəqəmsal açar paylaşımı edə, dostlarınız və ya ailə üzvlərinizin də avtomobilə girişini təmin edə bilərsiniz. Əgər telefonunuzu itirsəniz, "Samsung"un "Find My Mobile" xidməti vasitəsilə bu girişləri deaktiv edə bilərsiniz.

Hazırda "Samsung Wallet" ölkəmizdə istifadəyə açıq olmadığı üçün bu funksiyalar mövcud deyil. Lakin bu ayın sonuna qədər Böyük Britaniya, İspaniya, İtaliya, Fransa, Almaniya, İsveç, Danimarka, Finlandiya, Norveç və İsveçrədə istifadəyə veriləcəyi bildirilir.

Dəstəklənən avtomobillər sırasında Audi A6 e-tron seriyası, Q6 e-tron seriyası və Audi A5 seriyası yer alır. Funksiyanın aktiv olduğu telefonlar isə 2020-ci ildən sonra istehsal olunan "Galaxy S" seriyası, 2022-ci ildən sonrakı S FE seriyası, orijinal 4G istisna olmaqla bütün "Galaxy Z Flip" modelləri, Z Fold 2 və sonrası "Galaxy Z" modelləri, həmçinin "Galaxy Note 20" və "Galaxy Note 20 Ultra" olaraq açıqlanıb.

Emil Nağızadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il