İnsan həyatını duyğuları vasitəsilə yaradır. Bu səbəbdən də duyğuların ifadə oluna bilməsi, duyğulara azadlıq vermək, onları sözlərlə adlandırmaq psixikanın sağlam olması üçün vacib haldır. İnsanın həyatda qarşılaşdığı hadisələr beynində qurduğu proqramlara(alqoritmlərə) əsasən baş verir.
Bu proqramı isə insan nələrisə hiss və arzu edib yarada bilir. Məsələn, bir şəxsin beyninə bina tikmək hissi gəlir, bunu arzu edərək təsəvvür edir. Təsəvvürdən sonra əməyə yönəlir, hansı ki, hər günün öz əməyini ardıcıllıqla yerinə yetirir.
İnsan duyğularını sərbəst halda üzə çıxara bilmədikdə, ifadə edə bilməyib qapalı saxladıqda müxtəlif xəstəliklər, problemlər, eləcə də dağıdıcı aqressiya şəklində ortaya çıxır. Bəs nəyə görə duyğularını bir-birinə ifadə etməkdə çətinlik çəkir bir çox insan? Bunun ən başlıca səbəbi qınanmaq, ayıblanmaq qorxusudur. Qınanmaq, ayıblanmaq qorxusu isə insanın hələ kiçik yaşlarından etibarən qarşılaşdığı insanlar tərəfindən (ailə , məktəb və s. mühitlərdə) duyğularını sözlərlə adlandırmağa kömək edilmədiyi halından başlayır. Uşaqlara öz duyğularını ifadə etməyə kömək etmək üçün isə ilk əvvəl Böyüklər ayıb hiss etdikləri duyğularını anlayıb, qəbul edib sevməyi öyrətməlidirlər özlərinə. Bir çox insan gündəlik həyatında fikirli olmaqdan, diqqətini bir işə cəmləyə bilməməkdən şikayət edir. Bu diqqət əskikliyinin əsas səbəbi də duyğuların qapalı olmasıdır.
Bəs duyğuları ifadə etməyin yolları hansılardır? İnsanın 5 duyğu orqanı olduğu üçün(görmə, eşitmə, toxunma(taktil) qoxubilmə, dadbilmə) bu duyğu orqanlarını rəsm, rəqs, aykido(idman), müxtəlif yeməklər, qoxulu nəsnələr vasitəsilə həm qidalandırır, həm sözlərlə deyə bilmədiklərini yaradıcılıqda və əmək prosesində ifadə etməklə öz psixi sağlamlıqlarını yaratmış olurlar. Psixi sağlamlıq isə öz növbəsində fiziki sağlamlığı təmin edir. İnsan orqanizmi bədən və ruhdan ibarət olduğu üçün həyat boyunca bir-birilə sıx şəkildə əlaqədədir.
İnsanın istəkləri, arzuları hər hansı duyğulardan yaranır. Məsələn, pizza yeməyini almaq arzusu həzz almaq, xoşlanmaq duyğusundan və yaxud biri ilə dalaşmaq arzusu acığı tutmaq və ya qalib gəlmək duyğusundan yaranır. Yəni buradan aydın görə bilirik, hər bir hərəkətin, davranışın da özünün aid olduğu bir və ya bir neçə duyğular var. Buna müvafiq olaraq şəxslər xəstəlikləri də hər hansı duyğunu əldə etmək üçün yaradırlar, məsələn, sevgi duyğusunu əldə etmək, diqqət çəkmək üçün soyuqdəymə xəstəliyini yaradırlar.
Məhz bu səbəblərə görə də psixoterapiyada insanın psixi sağlamlığının bərpa edilməsi üçün ilk növbədə duyğuların analizi əsas götürülür. Duyğular analiz olunandan sonra insan nəyi niyə etdiyinin mənasını anlayaraq geniş düşüncəsi yarana bilir, qınamaq, günahlandırmaq hissindən anlamaq, sevmək hisslərinə keçid edə bilir.
Mailə Əzizli
Klinik psixoloq