Sağlamlıq

Boşanma ər-arvad münasibətlərinin düzgün qurulmaması nəticəsində baş verir. Bu zaman ən çox təsirə məruz qalan həmin ailənin uşaqlarıdır. Hər bir uşaq ailəsi ilə xoşbəxt həyat yaşamaq istəyər. Ancaq bu bəzi ailələrdə mümkün olmur.

Boşanmanın uşaqların psixologiyasına təsiri haqqında psixoloq Sibel Piriyeva Crossmedia.az-a məlumat verib. Psixoloq əvvəlcə ailələrin dağılmasının səbəblərini qeyd edib:

"Ailə cəmiyyətin sosial strukturunun mühüm komponentidir. Ailə bir neçə qrupa bölünür.  Böhran vəziyyətinə düşmüş ailələrə disfunksional ailələr deyilir. Disfunksional ailələr problem həll etməkdə çətinlik çəkir,  ailə üzvlərinin təhlükəsizliyinin, tibbi və emosional ehtiyaclarını ödəməkdə problem yaşayırlar. Belə ailələrdə yoxsulluq, işsizlik, xəstəlik, maddi və mənəvi problemlər yaranır. Bu tip ailələrdə böyüyən uşaqlarda travmadan sonraki stress pozuntusu, aqressiya, özünə qapanma, depressiya və ən əsası da natamamlıq kompleksi yaranır. Yəni uşaqda yetərsizlik,  məmnunsuzluq, dəyərsizlik hissləri özünü göstərir".

Psixoloq  qeyd edir ki, valideynlər boşanmanın nə demək olduğunu övladlarına  düzgün izah etməlidirlər:
"Valideynlər ər-arvad olaraq boşanma qərarı verirlər, amma ana və ata kimi boşanmırlar. Bu qərarı dəqiqləşdirdikdən sonra məhkəmədən əvvəl övladları ilə bu mövzu haqqında danışmalı, onlara dəqiq, qısa məlumat verməli, çox sakit, aqressiya göstərmədən, bir-birini ittiham etmədən, təhqir etmədən normal danışmağa başlamalıdırlar. Kiçik yaşlı uşaqlara bu vəziyyəti şəkillər, kuklalar üzərində izah etmək olar. Yeniyetmə uşaqlarla bu mövzu danışaraq həll edilməlidir. Onlar ər-arvadın ayrıldığını, amma ata və ananın ayrılmadığını düzgün izah etməlidirlər. Uşaqlar ana və atalarının valideyn olaraq hər zaman yanlarında olacaqlarını anlamalıdırlar. Uşaqların sarsıntı keçirmə səbəbi öz ata və analarının birlikdə onların yanında olmayacaqlarını bilməkləridir. Düzgün şəkildə onlara başa salınsa bu zaman onlarda böyük sarsıntılar, travmalar yaranmaz. Təbii ki, mənfi təsir olacaq, ailədə mühit dəyişəcək, say azalacaq. Amma, bunu düzgün başa salmaq vacibdir. Əgər ailə məlumat verə bilmirsə mütləq mütəxəssisdən kömək alınmalıdır".

Zeynəb Mustafazadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il