Hadisə

Valideynlik hüququndan məhrumetmə, uşağın maraqlarının qorunması məqsədilə hüquqi müstəvidə tətbiq edilən ciddi bir tədbirdir. Bu hüquqi proses valideynin uşağın fiziki və mənəvi rifahına zərər vurduğunda və ya onun sağlam və təhlükəsiz inkişafı üçün lazımi şəraiti təmin etmədiyi hallarda həyata keçirilir. Valideynlik hüququndan məhrumetmə ailə hüququ sistemində uşaqların hüquqlarının və maraqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı fikirlərini Crossmedia.az-la bölüşən Hüquq məsələləri üzrə ekspert Əlövsət Allahverdiyev sözlərinə görə, valideynlik hüququndan məhrum edilmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsi ilə tənzimlənir və yaşadığımız cəmiyyətdə valideynlik hüquqlarından məhrum edilmə xoşagəlməz bir addım hesab olunmaqla arzuolunan deyil.  Ekspert bildirib ki, Ailə Məcəlləsinin qeyd olunan maddəsinin tələblərinə görə şəxs aşağıdakı hallarda valideynlik hüquqlarından məhrum edilir:

"Valideynlər valideynlik vəzifələrini yerinə yetirmədikdə, aliment qəsdən ödənilmədikdə, uşağı doğum evindən və ya hər hansı tibb, təhsil müəssisəsindən, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər bu kimi müəssisələrdən götürməkdən üzrlü səbəb olmadan imtina edildikdə, valideyn hüquqlarından sui-istifadə edildikdə, uşaqlara qarşı məişət zorakılığı hərəkətləri etdikdə bu hüquqdan məhrum etmə mümkündür. Həmçinin valideyn xroniki alkoqolik və narkomandırsa, uşaqların və ya ərinin (arvadının) sağlamlığı və ya həyatı əleyhinə qəsdən cinayət törədibsə və ya uşaqların cinsi istismarı və ya cinsi istismarı ilə bağlı cinayət törədibsə şəxsin valideynlik hüququ əlindən alına bilər".

Ekspert qeyd edir ki, valideynlik hüquqlarından məhrum olunma aşağıdakı nəticələrə səbəb olur:

“ Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər, şəxs valideynlik hüququndan məhrum etdildikdən sonra o, uşağa icazə vermək və ya nəyisə qadağan etmək hüququnu da itirir. Bu, ilk növbədə, uşağın xaricə aparılması, habelə tibbi yardım istəməsi ilə bağlı icazə və qadağalara aiddir. Uşağın digər valideynə verilməsi mümkün olmadıqda və ya valideynlərin hər ikisi valideynlik hüquqlarından məhrum edildikdə, uşaq müvafiq icra hakimiyyəti orqanının himayəsinə verilə bilər. Valideynlik hüququndan məhrum edilmiş şəxs övladının ölümündən sonra ona qalan əmlaka vərəsəlik edə bilməz, lakin uşaq valideynlik hüququndan məhrum edilmiş valideynin əmlakına vərəsə olur. Valideynlik hüququndan məhrum edilməsi heç bir halda şəxsi aliment ödəmək öhdəliyindən azad etmir. Yəni, şəxs valideynlik hüququndan məhrum edilsə belə, övladlarına aliment ödəməyə davam etməlidir“.

Ekspert əlavə edib ki, uşaq, valideynlərin (onlardan birinin) valideynlik hüquqlarından məhrum edilməsi haqqında məhkəmənin qətnaməsindən 6 ay keçəndən sonra övladlığa götürülə bilər.

Samirə Şərif

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il