Hadisə

Qobustan Milli Tarix-Bədii Qoruğunun təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Vətən müharibəsində Zəfərin dördüncü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Crossmedia.az Azərtac-a istinadla xəbər verir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açıq havada keçirilən tədbirin proqramına musiqiçi və rəqqasların iştirakı ilə şou-konsert, təsviri incəsənət üzrə ustad dərsləri və əl işlərinin satış yarmarkası daxil edilib. İyirmiyə yaxın sahibkar sağlamlıq imkanları məhdud olan şəxslərin yaratdıqları məmulatları təqdim edib. Sərgidə, həmçinin Zəfər Gününə həsr olunmuş işlər və milli naxışlarla bəzədilmiş əşyalar nümayiş etdirilib.

Tədbir çərçivəsində nazir Adil Kərimli şəhid ailələrinin üzvləri və qazilərlə görüşüb. Nazir görüşdəki çıxışında qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti və şanlı Ordumuzun qüdrəti sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, 8 Noyabr isə xalqımızın tarixinə qızıl hərflərlə yazılıb.

“İşğaldan azad edilmiş, üçrəngli Bayrağımızın əzəmətlə dalğalandığı torpaqlara bu gün Böyük Qayıdış davam edir. Tarixi abidələrimiz bərpa olunur. Bu tarixi zəfəri torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş, qanları ilə tarix yazan şəhidlərimizə borcluyuq”, - deyə o bildirib.

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il