Hadisə

Cəmiyyətimizdə ənənəvi dəyərlərlə müasir düşüncə tərzi arasındakı tarazlıq getdikcə daha çox müzakirə mövzusuna çevrilir. Yeni nəsillərin fərqli düşüncə tərzi və müasir həyat tərzi ilə bu dəyərlərin toqquşması daha aydın şəkildə hiss olunur.

Bəs ənənəvi dəyərlərlə müasirlik arasındakı ziddiyyətlər nələrdir?

Mövzu ilə bağlı  sosioloq Üzeyir Şəfiyev Crossmedia.az-a verdiyi açıqlamasında bildirib ki, milli mənəvi, əxlaqi dəyərlər və yenilik məsələsi zaman zaman müzakirə obyektində olub. Bu həmçinin təkcə bizdə yox, bütün ölkələrdə, cəmiyyətlərdə belədir:

"Bu gün də bizim cəmiyyətimizdə həmişə olduğu kimi, atalar və oğullar məsələsi müzakirə olunur. Yəni köhnə nəsil, yeni nəsil və milli, mənəvi dəyərlər, və yenilik məsələsi müzakirə olunur. Bu da təbiidir. Çünki Azərbaycan 70 il SSRİ tərkibində olub və SSRİ qapalı bir cəmiyyət idi. Həmçinin Qərb, Avropa cəmiyyəti ilə təmasda deyildi. Hətta informasiya vasitələrində bu cəmiyyətlər bir biri haqqında, məsələn, SSRİ Qərb haqqında, Qərb SSRİ haqqında neqativ fikirlər yaradırdı. Ancaq SSRİ-nin fiaskosundan sonra artıq Azərbaycanda qlobal dünyaya açıldı və cəmiyyətlərin dialoqu başladı. Azərbaycan cəmiyyəti də postsovet məkanı kimi qlobal dünyaya inteqrasiyaya məcbur idi. Çünki biz qlobal dünyanın bir parçasıyıq və dünyanın istənilən bucağında baş verən hadisə, şübhəsiz ki, domino effekti ilə dünyanın istənilən yerinə yayılır. Biz hamımız dünya evinin sakinləriyik və biz bu gün yüksək sürətli rəqəmsal cəmiyyətdə yaşayırıq. Yəni bu baxımdan sürətli qloballaşma prosesi şəraitində milli kimliyi, mənəvi, əxlaqi dəyərləri qoruyub saxlamaq çox çətin bir məqamdır. Əsasən də ənənəvi, mühafizəkar cəmiyyətlər üçün. On görə ki, bu günləri biz görürük ki, ənənəvi cəmiyyətləri dağıtmağa hesablanmış bir dalğavari təzyiqlər var, bunu Azərbaycan da öz üzərində hiss edir. Çünki, Azərbaycanda ənənəvi cəmiyyətdir və ənənəvi cəmiyyətlərin əsaslarını sarsıtmaq üçün Qərb və mərkəzi qüvvələr Azərbaycan cəmiyyətinin, ailə dəyərlərini, ənənələrini sarsıtmağı hədəfləyir və biz bunu müxtəlif formalarda təzahürlərini görürük.
Televiziya verilişlərində gender bərabərliyi adı altında qadın hüquqlarını aşırı səviyyədə qabardan, kişi qadın qarşıdurması yaradan verilişləri, proqramları buna misal çəkə bilərik".

Sosioloqun sözlərinə görə, bütün bunlar hamısı Azərbaycan və Azərbaycan kimi ənənəvi cəmiyyətlərin əsaslarını sarsıtmağa hesablanmış bir proseslərdir:

"İndi Azərbaycanın beynəlxalq xarici təzyiqlərə duruş gətirməyə immuniteti nə qədər çatacaq bu, bir qədər sual doğurur. Çünki açıq etiraf edək ki, həmin güc mərkəzlərinin təsirinin nəticəsidir ki, bu gün Azərbaycan ailəsinin məzmununda, strukturunda dəyişmə meyillərini biz hiss eliyirik. Elə biz bunu boşanmaların statistikasında da görə bilərik. Məsələn, boşanmalar əvvəl əgər Azərbaycan kişisi, qadını ailə faciəsi kimi qarşılayırsa bu gün görürük, çox tolerant yanaşırlar. Bəs bunun indi mənfisi nədir? müsbəti nədir? Bu çox müzakirə olunan bir məsələdir. Çünki biz göz önündə görürük ki, artıq Azərbaycan üçün xarakterik olmayan boşanma statistikası var və demək ki, Azərbaycanda bəzi yanaşmalar sterotiplər əriyir və bəzi arxetiplər sarsılır. Çünki Azərbaycanda çox maraqlı, dəyərli arxeotiplər var idi. Ağsaqqalı, ağbirçəyi arxetipləri var idi ki, bu arxitiplər də yavaş yavaş öz yerini sanki islahatlar fonunda yaranan yeni təsisatlara verir. Həmçinin, milli mənəvi dəyərlər, adətlər,  Azərbaycan xalqının məhz milli identikliyini simvolizə edir və təyin edir. Ancaq bu gün biz görürük ki, hər nə qədər immunitet güclü olsa da, ancaq bu gün Azərbaycanın milli mənəvi, əxlaqi dəyərləri xarici təsirlərə məruz qalır. Şübhəsiz ki,  gənclər yaşlı nəsil arasında bir qədər uyuşmazlıq hiss olunur və bu nəsillərin qarşıdurmasını hiss edirik. Ancaq texnologiyalar, sosial şəbəkələr elə bir təsirə malikdir ki, bu günləri biz hətta orta və yaşlı nəsildə milli mənəvi, əxlaqi dəyərlərinin dəyişmələrini hiss edirik. Çünki boşanmaların statistikasında, orta və yaşlı nəslin də boşanmalara meyillənməsi bunu təsbit edir. Lakin biz hər nə qədər inkişaf etsək, qlobal dünyaya açılsaq da, çalışmalıyıq ki, məhz toplum, millət, cəmiyyətimiz, əriməsin. Gərək bunun üçün çalışaq ki, milli, mənəvi dəyərlərimizi qoruyaq, hifz eliyək. Əlbəttə, neqativ ənənələr, vərdişlər, adətlər şübhəsiz ki, zamanın çağırışlarına cavab vermədiyinə görə öz yerini daha modern, müasir dəyərlərə verəcək. Çünki bu, qarşısı alınmaz prosesdir. Ancaq hər nə qədər biz maksimum çalışmalıyıq ki, biz cəmiyyətimizin qoruyaq, milli kimliyimizi qoruyaq. Mənim xatirimdədir, Azərbaycan Avropa Şurasına daxil olanda Azərbaycan rəhbərliyi çox gözəl bir ifadə işlədirdi. Deyirdi ki, "Avropa Şurasını biz bir gül dibçəyinə bənzədirik. Amma istəyirik ki, Avropa Şurasına daxil olan dövlətlər, o güllər kimi hər dövlət öz ətrin öz xüsusiyyətlərini saxlasın". Hesab edirəm ki, bu gün qloballaşmada da, biz çalışmalıyıq ki, Azərbaycan qlobal dünyaya inteqrasiya edərkən öz milli kimliyi, xüsusiyyətləri ilə imza atsın.  Çünki milli adətənlər deqradasiyaya uğrayanda hesab edirəm ki, millət deqradasiyası uğraya bilir. Bu olmasın deyə, biz çalışmalıyıq ki, zamanın sınaqlarından çıxmış dəyərlərimizi qoruyub saxlayaq və gələcək nəsillərə ötürə bilək".

Həmçinin Ü.Şəfiyev qeyd edir ki, hər bir xalqın özünəməxsus, milli, mənəvi, əxlaqi dəyərləri var:

"Biz çalışmalıyıq ki, ailələrimizdə bağçalarda, orta məktəblərdə, ali məktəblərdə bu dəyərləri gənclərimizə sevdirə bilək, aşılaya bilək. Ancaq bunu məcbur etmək yolu ilə yox, sevdirməyi bacarmalıyıq. Uşaqlarımızı bu ruhda tərbiyə etməliyik. Eyni zamanda, bununla bağlı çalışmalıyıq ki, efirlərdə, sosial mediada dəyərlərimizi məqsədli şəkildə gözdən salan paylaşımlar, verilişlər olmasın. Çünki məqsədli şəkildə bu işlə məşğul olan xarici qüvvələr var. Biz çalışmalıyıq, ayıq olaq ki, belə qüvvələr bizim cəmiyyətimizin mənəvi əsaslarını sarıtmasın. Uşaq və yeniyetmələrə, gənclərə mənəvi, əxlaqi dəyərləri aşılayaq və nəsillərin sosial varisliyini təmin edək, nəsillərarası qarşıdurmadan çəkinək. Çünki bizim çox böyük uğurları olan gəncliyimiz var. Eyni zamanda orta və yaşlı nəslimiz kifayət qədər keyfiyyətli, böyük uğur hekayələri olan nəsildir və bizim xalqımız dəyərli xalqdır. Yəni bu tarixi faktlarla sübut olunaraq gəldiyim qənaəti qeyd edim ki, tarixdə birinci dəfə qlobal miqyasda ilin xalqı adını almışıq. Bu bizim milli mənəvi, əxlaqi dəyərlərimiz sayəsində qazandığımız uğurdur.
Sonda da gördük ki, məhz nəsillərin varisliyi ilə milli mənəvi, əxlaqi dəyərlərimizin gücü ilə biz 44 günlük müharibəni də zəfərlə başa vurduq, ərazi bütövlüyümüzü bərpa etdik. Ölkə başçımız Ali Baş Komandan İlham Əliyev tərəfindən məhz dəmir yumruq ifadəsi həm birliyimizi, həm də gücümüzü simvolizə edirdi. Nə qədər ki, biz bunu qoruyacağıq Azərbaycan xalq, cəmiyyət olaraq güclü olacaq".

Elnurə Kərimova 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il