Hadisə

Son vaxtlar market alış-verişlərində rast gəlinən bir problem də kassalarda və rəflərdə göstərilən fərqli qiymətlərdir. Alış-veriş zamanı rəflərdə bir qiymət görüb, kassada fərqli bir qiymətlə qarşılaşmaq istehlakçılar arasında haqlı olaraq narazılıq yaradır. Bəs bu uyğunsuzluqların səbəbləri nələrdir? Qiymət fərqlərinin arxasında duran səbəblər nədir və istehlakçıların bu hallarda hansı hüquqları var? Eyni zamanda, bu vəziyyətlə necə mübarizə aparmaq olar?

Marketlərin müştərilərə qarşı şəffaflıq və ədalətli yanaşma göstərməsi, eləcə də istehlakçıların hüquqlarını qorumaq üçün hansı tədbirləri görməli olduqları barədə əhatəli müzakirələr apara bilərik.

Mövzu ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bir sıra detalları Crossmedia.az-a verdiyi açıqlamasında bölüşüb:

“Rəflərdə malların qiymətinin adəti üzrə aşağı olması, kassada isə yuxarı göstərilməsi ən çox geniş yayılmış istehlakçı hüququnun pozulması halıdır. Bu süni qiymət artımıdır. İstehlakçı bu halı gördükdə necə hərəkət etməlidir ? İstehlakçı məsələni həmin an həll etmək istəyirsə əgər gedib malın taxçada olan şəklini çəkməli, kassa çekini götürməli və marketin müdiriyyətini çağırmalıdır. Müştəridən alınmış artıq pul geri qaytarılmalıdır. Şikayətçi nəticədə qiymətin dəyişdirilməsinə ictimai nəzarət etməlidir. O fakt barədə iqtisadiyyat naziri antiinhisar və bazara xidmət nəzarət dövlət xidmətinə məlumat verməsini tövsiyyə edirəm. Kassa çekini və taxçanı təqdim etməklə 195 qaynar telefon xətti ilə məlumat verməlidir.  Ümumiyyətlə bu çox geniş yayılmış bir məsələdir”.

Eyyub Hüseynovun qeyd etdiyi məsələnin həllində müəyyən yanaşmalar var:
 “Azad istehlakçılar və bizə gələn şikayətləri ümumiləşdirsək, bir ildə Azərbaycan istehlakçıları almadığı mal üçün 500milyon manat pul ödəyirlər. Bu qədər aldanma baş verir. Dövlət orqanlarına bu barədə məlumat vermək lazımdır. Aldanılmanın səbəb isə rahat şəraitdir. Bununla biznes qurumları bundan sui istifadı edir. Bir dəfə olmayıb ki, taxçada malın qiyməti yuxarı olsun, kassada aşağı olsun. Bu hala heç zaman rast gəlinməyib ”.

Marketinq və PR üzrə ekspert Səfər Aslanov da Crossmedia.az-a verdiyi açıqlamasında  belə tip halların bəzən qaçılmaz olduğunu qeyd edib:

“ Nəzərə almaq lazımdır ki, pərakəndəçilər minlərlə SKU vasitəsilə ticarət əməliyyatı edir və müxtəlif kampaniyalar həyata keçirirlər. Əsas səbəblər aşağıdakılardır:
Məlumat yenilənməsinin gecikməsi: Mağaza əməkdaşları rəfdəki qiymət etiketlərini vaxtında yeniləmədikdə. Texniki xətallar mövcuddur. Kassada və ya qiymət sistemində proqram təminatı ilə bağlı problemlər. Həmçinin, insan səhvləri də mövcuddur. Qiymətlərin rəfə düzgün yerləşdirilməməsi və ya səhv məhsulun altına başqa qiymət etiketinin qoyulması.
Kampaniyalar və endirimlər: Kampaniyanın rəfdə göstərilməsi, amma kassada sistemin düzgün yenilənməməsi". 

Marketinq və PR üzrə ekspertin fikrinə görə əsas önəmli olan məsələ şirkətin bu prosesə yanaşması və müştəri etimadını bərpa etmək üçün apardığı siyasətdir:
"Bir sıra pərakəndəçilərin bununla bağlı daxili siyasətləri var. Bəzən bu siyasət açıq şəkildə istehlakçılara da təqdim edilir. Məsələn, açıq şəkildə bildirilir ki, siz eyni məhsulu mağazamızda gördüyünüz müxtəlif qiymətlər içərisində ən ucuzu ilə alacaqsınız. Bəzən flayerdə, pop-up-da və rəfdə müxtəlif qiymətlər ola bilər.Bunlar yuxarıdakı səbəblərdən qaynaqlanır. Bu halda şirkətlər istehlakçıya onunla kommunikasiya olunan ən ucuz qiymətdən almaq öhdəliyi götürür".

Səfər Aslanov belə hallar baş verdikdə  birinci növbədə mağazaya müraciət edilməsini məsləhət bilib: 
“Əgər adekvat reaksiya görmədikdə təbii ki, müvafiq dövlət təşkilatlarına müraciət edilməlidir. İstehlakçılar sonuncunu etməkdə o qədər də həvəsli deyillər və vaxt sərf etmək istəmirlər. Əslində isə rəqabətli mühit müştəilərin bu cür müracitələrinə etinasız yanaşan şikrətləri lazımınca cəzalandırır. Hazırkı rəqabət mühitində istehlakçının etimadını itirmək şirkət üçün pul itirməkdən daha təhlükəlidir”.

Marketlərin müştərilərə qarşı şəffaflıq və ədalətli yanaşma göstərməsi, eləcə də istehlakçıların hüquqlarını qorumaq üçün tədbirlər görməsi, hər iki tərəfin faydalanacağı daha güvənli və məmnuniyyət dolu alış-veriş təcrübəsinə səbəb ola bilər. Bu yanaşma, həm də müştəri və marketlər arasında uzunmüddətli etibarın qurulmasına xidmət edər.

Samirə Şərif

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il