Hadisə

Azərbaycanda son illərdə nikahların sayı müşahidə edilən trend olaraq azalmağa başlayıb. Cəmiyyətin sosial və iqtisadi dəyişiklikləri, gənclərin həyat tərzindəki fərqliliklər bu statistik göstəricilərdə mühüm rol oynayır. Bu da boşanma hallarının sayının artaraq, ailə qurmaqla bağlı yanaşmaların dəyişdiyini sübut edir.

Məsələ ilə bağlı hüquqşünas Ayxan Məmmədli Crossmedia.az-a açıqlaması zamanı bildirib ki, bu məsələyə bir neçə istiqamətdən yanaşmaq mümkündür. Onun sözlərinə görə, bu siyahıya dövrün dəyişən tələbləri, sosial-iqtisadi reallıqlar, təhsil səviyyəsi və s. aiddir:

“Birinci növbədə qeyd etmək lazımdır ki, artıq qadınların təhsil, əmək bazarı və biznes sahələrində təmsil olunma nisbəti ildən-ilə artır. Dövr dəyişir və artıq hər bir fərd öz təminatlarını özü tərəfindən həyata keçirmək məcburiyyətindədir. Əvvəllər kişilər nisbətən gec evlənərdilərsə, indi qadınlar da öz karyera və təhsil hədəflərini gerçəkləşdirmək üçün evlilik planlarını ya təxirə salır, ya da ümumiyyətlə bu barədə düşünmürlər. Bu, birbaşa sosial-iqtisadi reallıqlara təsir göstərir”.

O eyni zamanda, əmək bazarının davamlı olaraq dəyişməsi və bu dəyişikliklərə adaptasiya ola bilməyən şəxslərin bazarda yer tapmaması, iqtisadi münasibətlərin inkişafı ilə yaranan yeni xərclər (məsələn, simsiz şəbəkə xərcləri) insanları ailə həyatı qurmadan əvvəl daha düşünülmüş addımlar atmağa, təmkinli olmağa və maliyyə planları qurmağa sövq etdiyini də diqqətə çatdırıb:

“Həmçinin, nikaha daxil olmaq, həm iqtisadi, həm də mənəvi və hüquqi baxımdan böyük məsuliyyət tələb edir. Əhalinin təhsil səviyyəsinin artması ilə insanlar artıq evlilikdən sonra dəyişən statuslarını, məsuliyyətlərini, yaranan xərcləri və övlad dünyaya gətirməyin mənəvi yükünü daha diqqətlə düşünürlər. Nikahın pozulması halında yaranan hüquqi və maliyyə nəticələrini (məsələn, əmlakın bölünməsi, aliment ödənişləri və boşanma sonrası travmalar) nəzərə alaraq, insanlar bu addımı daha da ehtiyatla atırlar”.

A.Məmmədli əlavə olaraq, qadınların kişilərlə hüquq bərabərliyi əldə etməsi ilə yanaşı, vəzifə öhdəliklərində də bərabərlik yarandığını öz açıqlaması zamanı nəzərə çatdırıb.

“Əvvəllər yalnız kişilər məsuliyyət daşıyırdısa, artıq qadınlar da evlilik və onun nəticələri ilə bağlı düşünməyə başlayıblar. Uşaqların kimdə qalması, aliment ödənişləri və evlilikdən sonra əmlakın bölünməsi kimi məsələlər artıq qadınları da düşündürür. Karyerasında uğurlu olan bir qadın da evlilikdən sonra əldə etdiyi maddi nemətlərin bir hissəsindən məhrum olur. Bu səbəbdən, həm kişilər, həm də qadınlar ailə həyatı qurmadan əvvəl bu qərarı hərtərəfli qiymətləndirirlər”.

Aytac Bəhruzqızı 
 
 
 
 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il