Hadisə

"Ekoloji sənaye anlayışı elmdə yeni bir termindir. Bu anlayış ilk dəfə 1972-ci ildə BMT-nin Ətraf Mühit Konfransından irəli sürülmüşdür. Ancaq belə bir sənaye sahəsinin inkişafı isə 1990-cı illərin ortalarına təsadüf edir".

Bu sözləri Crossmedia.az-a açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsinin böyük elmi işçisi c.ü.f.d. Gülnar Hacıyeva deyib. O qeyd edib ki, ekoloji sənaye-sənayenin ətraf mühitə necə təsir etdiyini və ətraf mühitin də sənayeyə necə təsir etdiyini araşdıran elm sahəsidir:

“Başqa sözlə desək, o, istehsalla canlı orqanizmlərin və insanların mühiti arasındakı əlaqəni öyrənir. Sənayelərin ətraf mühitə birbaşa təsirindən əlavə, bu elm həm də çirklənmiş ətraf mühitin insanlara necə təsir etdiyini araşdırır".

Gülnar Hacıyeva ekoloji sənayənin inkişafı üçün əsas rol oynayan amillərdən bəhs edib:

"Ekoloji sənayenin inkişafına tullantısız texnologiyalardan istifadə edilməsi, tullantıların yenidən emala qaytarılması və s. amillər qeyd edə bilərik. Məsələn, son illər geyim və mebel istehsalında tullantıların qarşısının alınması, biotexnoloji istehsal tullantılarının emalı üsulları, plastikin çeşidlənməsi və təkrar emalına xüsusi diqqət ayrılır. Həmçinin sənaye tullantılarından elektrik enerjisinin əldə edilməsinə və zərərli emissiyalara nəzarət texnologiyasına keçid edilir".

G. Hacıyeva təbii sərvətlərin qorunmasının, ekoloji sənayenin inkişafı ilə olan sıx bağlılığın səbəbini açıqlayıb:

"Təbii sərvətlərin hasilatı və emalı zamanı köhnə avadanlıqlardan istifadə edilməsi zamanı həm təbii sərvətlər israf olunur, həm də ətraf mühit çox çirklənir. Buna görə də gələcək nəsillərin hazırki təbii sərvətlərdən istifadə etməsini təmin etmək üçün ekoloji cəhətdən təmiz sənayedən istifadə edilməlidir".

Aysel Ağakərimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il