Hadisə

İqlim dəyişikliyi müasir dünyanın qarşılaşdığı ən ciddi ekoloji problemlərdən biridir. Bu prosesin təsirləri qlobal səviyyədə geniş şəkildə hiss olunsa da, onun ən nəzərəçarpan nəticələrindən biri dağ buzlaqlarının sürətlə əriməsidir. Yer üzərində əsrlər boyu formalaşmış bu təbii sərvətlər iqlim dəyişikliyinə qarşı həssaslığın canlı sübutudur. Dağ buzlaqları yalnız estetik gözəllik deyil, həm də dünya üzrə su ehtiyatlarının mühüm mənbəyi kimi çıxış edir. Lakin onların ərimə sürətinin son illərdə kəskin artması ciddi narahatlıq doğurur və həm ekosistemlərə, həm də insan fəaliyyətinə geniş təsirlər göstərir. Bəs buzlaqların ərimə sürəti son illərdə necə dəyişib? Buzlaqların əriməsi yerli ekosistemlərə və insan həyatına hansı təsirlər göstərir?

Bu suallara Coğrafiya elmləri üzrə fəlsəfə doktoru Camal Hüseynov Crossmedia.az-a verdiyi açıqlamada bildirib ki:

"Son illərdə iqlim dəyişmələri bütün sahələrdə öz təsirini göstərir. Bunlardan biri də buzlaqların əriməsidir. Bu proses Cənubi Qafqazda, xüsusilə Azərbaycanda su qıtlığı təhlükəsini artırır. Əsas səbəblərdən biri hava temperaturunun artmasıdır. Temperaturun yüksəlməsi ölkə ərazisindəki buzlaqların əriməsinə gətirib çıxarır. Azərbaycanın əsas buzlaq ehtiyatları Böyük Qafqaz dağlarının Azərbaycanla sərhədində yerləşir. Ən böyük buzlaqlar Bazardüzü, Tufandağ və Şahdağ ərazilərindədir. 1961-1990-cı illərlə müqayisədə, 2013-2022-ci illərdə buzlaqların ərazisi Tufandağda 25%, Bazardüzündə 21%, Şahdağda isə 16% azalıb. Bundan əlavə, qar talaları da Zəngəzur, Dərələyəz, Mıxtökən və Murovdağ silsilələrində əriməkdədir. Son altı ilin dinamikasına əsasən, bu ərazilərdə temperaturun aşağı olduğu vaxtlarda belə qar talalarının sayı sürətlə azalıb”.

 Buzlaqların əriməsinin səbəblərindən danışan Camal Hüseynov qeyd edir ki:

"Buzlaqların əriməsi bir neçə səbəblə əlaqədardır. Əsasən regional iqlim dəyişmələri, yağıntıların azalması və temperaturun yüksəlməsi bu prosesi sürətləndirir. Müasir dövrdə bu, qlobal istiləşmənin nəticəsi olaraq özünü göstərir və buzlaqların sürətlə əriməsinə səbəb olur”.
İqlim dəyişikliyinin insan fəaliyyətinə təsirlərinə toxunan Camal Hüseynov  bildirib:

"Buzlaqların əriməsi yerli ekosistemlərdə landşaftların hündürlüklər üzrə yerdəyişməsinə səbəb olur. Bu, yalnız canlı aləmin məhvinə gətirib çıxarmır, həm də canlıları mutasiyaya məcbur edir və ya miqrasiyaya sövq edir. İnsan fəaliyyətinə gəldikdə, buzlaqların əriməsi meteohəssas şəxslərə mənfi təsir göstərir və infeksion xəstəliklərin artmasına səbəb olur. Kənd təsərrüfatı da bu təsirlərdən kənarda qalmır. İqlim dəyişikliyi təbiət hadisələrinin dağıdıcı gücünü artırır. Məsələn, dolu əvvəllər may ayının sonunda və iyunun əvvəllərində müşahidə olunurdusa, indi bu proses mayın əvvəlindən iyunun sonuna qədər davam edir”.

Dağ buzlaqlarının əriməsi təkcə regiona deyil, qlobal miqyasda ciddi ekoloji, iqtisadi və sosial problemlər yaradır. Bu, iqlim dəyişikliyinin nə qədər təcili bir problem olduğunu bir daha göstərir. Davamlı tədbirlər və beynəlxalq əməkdaşlıq olmadan buzlaqların qorunması və bu prosesin təsirlərinin yüngülləşdirilməsi qeyri-mümkündür. Azərbaycanın təbii sərvətləri olan buzlaqların qorunması isə yalnız milli səviyyədə deyil, həm də qlobal səylərlə mümkündür.

Ayhan Ağarzayev

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il