Hadisə

Azərbaycanda boşanma mövzusu son illərdə cəmiyyətin diqqət mərkəzindədir. Artan boşanma statistikası ailə münasibətlərindəki problemləri ön plana çıxarır. Bu mövzu həm fərdlər, həm də cəmiyyət üçün ciddi əhəmiyyət kəsb edir. Bu zaman boşanmaların ən əsas səbəbləri hansılardır? Boşanma prosesi uşaqların psixologiyasına necə təsir edir? Boşanmaların sayının azalması üçün hansı tədbirlər həyata keçirilməlidir? kimi suallar ortaya çıxır.

Mövzu ilə bağlı fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov Crossmedia.az-a açıqlama verib. Ekspertin sözlərinə görə, Azərbaycan cəmiyyətində boşanma sosial problem olaraq çox böyük aktuallıq kəsb edir. Boşanmaların sayı artan xətt üzrə inkişaf etməkdədir. Biz ümumilikdə ailə institutunun zəiflədiyini müşahidə edirik.

Sosioloq boşanmaların əsas səbəblərindən söz açıb:

“Boşanmaların səbəblərini qruplaşdırsaq, sosial-iqtisadi problemlərə xüsusi toxuna bilərik. Ailədə mövcud sosial-iqtisadi çətinliklər, dolanışıqla və maddi ehtiyacların ödənməsi ilə bağlı problemlər boşanmalara təsir edən amillərdəndir. Amma deyə bilmərik ki, Azərbaycandakı boşanmaların əksəriyyəti məhz sosial-iqtisadi problemlərlə bağlıdır. Bizim müşahidələrimiz göstərir ki, maddi sıxıntısı olmayan ailələrdə də boşanmalar baş verir. Boşanmaların əsas səbəblərindən biri də sosial-psixoloji uyğunsuzluqdur. Cütlüklər arasında xarakter, dünyagörüş, dəyərlərə sahib olma məsələlərində uyğunsuzluq var və ailə qurarkən bu amillər nəzərə alınmır. Xarakterdəki fərqliliklər gələcəkdə normal münasibətlərin yaranmasında və qorunmasında problem yaradır. Sosial-psixoloji uyğunsuzluq cütlüklərin qarşılıqlı olaraq bir-birlərini anlamamasına, güzəştə getməməsinə, ailədaxili münaqişələrə yol açır və bu əksər hallarda boşanmalarla nəticələnir.

Hal-hazırda elmi-texnoloji inkişaf insanlar üçün yeni imkanlar yaradıb. İndi cinsindən asılı olmayaraq, uşaqdan böyüklərə qədər hər kəs arasında telefonlardan ifrat dərəcədə asılılıq ortaya çıxıb. Burda işgüzar məsələlər də ola bilər. Ancaq daha çox oyunlar, yeni sosial şəbəkələrin meydana çıxması, virtual tanışlıqlar, özündə mənəvi yük daşımayan görüntülər yeni imkanlarla bərabər, ailə üçün yeni problemlər də ortaya çıxarır. İnformasiya texnologiyalarının yaratdığı bu imkanlardan düzgün istifadə etməmək, ailədaxili münaqişələrin ortaya çıxmasına səbəb olur”.

Ağasəlim Həsənov boşanmaların uşaqlara təsirindən də danışıb:

“Əlbəttə ki, boşanma faktının ən böyük təsiri və zərəri ailədəki övladlaradır. Bu onların psixoloji travmasıdır. Boşanmış ailədəki uşaqların ata və anası ayrı yaşayır, onlarla müəyyən günlərdə görüşə bilir. Bu travmanı uşaqlara doğulduğu ailə, məsuliyyəti dərk etmədən qərar verən cütlüklər yaşadır”.

Sosioloq boşanmaların sayının azalması üçün hansı tədbirlər həyata keçirilə bilər mövzusuna xüsusi toxunub:

“Ailə dəyərləri aşağı yaş qruplarından etibarən uşaqlara aşılanmalıdır. Xüsusi olaraq isə hüquqi baxımdan evlənmə yaşına çatmış gənc əhali qrupu ilə ciddi şəkildə sosial işlər aparılmalıdır. Qabaqlayıcı tədbirlər hadisə baş verməmişdən əvvəl görülməlidir. Hadisə baş verdikdən sonra onun qiymətləndirilməsi heç bir fayda vermir. Buna görə də daha maarifləndirici, qabaqlayıcı, real fəaliyyətlər olmalıdır ki, Azərbaycanda gənclər ailənin niyə müqəddəs olduğunu, milli-mənəvi, dini dəyərlər baxımından ailəyə verilən qiyməti, ailənin nə üçün lazım olduğunu, ailəyə niyə kiçik dövlət deyildiyini dərk etsin. Ölkənin gələcəyi çox böyük mənada ailə sosial institutu ilə bağlıdır. Çünki ailə institutunun 6 əsas funksiyasından biri reproduktiv funksiyadır. Bu funksiya ailənin nəsilartırma funksiyasıdır”.

Bahar Musayeva

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il