Anormal hava şəraitinin insan sağlamlığına təsirləri açıqlanıb
Yay mövsümünün yaxınlaşması ilə hava şəraitində müşahidə olunan kəskin dəyişikliklər insan sağlamlığı ilə bağlı narahatlıqları yenidən gündəmə gətirir. Bir gün havanın həddindən artıq isti keçməsi, ertəsi gün isə temperaturun enməsi, yağış və sel hadisələrinin baş verməsi son vaxtlar Azərbaycanda tez-tez müşahidə olunur. Bakı və Sumqayıtda yaşanan son hava dəyişiklikləri bunun bariz nümunəsidir. Bəs dəyişkən hava şəraiti insan orqanizminə necə təsir edir və sağlamlığı qorumaq üçün nələrə diqqət edilməlidir?

Mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev Crossmedia.az-a açıqlama verib. O bildirib ki, fəsillərin dəyişməsi və insanların təbiətə uyğun yaşam tərzi sürməməsi orqanizmin fəaliyyətinə mənfi təsir göstərə bilər: "Dünyada Allahın yaratdığı təbiətin dörd fəsli var və hər fəslin özünə uyğun yaşam şəraiti olmalıdır. İnsanlar fəslə uyğun geyinməyi, qidalanmağı, su qəbul etməyi və ən əsası bir-birinə qarşı təmkinli davranmağı bacarmalıdırlar. Genetik xəstəliklər istisna olmaqla, bir çox xəstəliklər insanların həyat tərzi və əməlləri ilə bağlı yaranır. İnsan orqanizmi təbiətə uyğunlaşdıqda immun sistemi güclənir, orqanlar normal və əlaqəli şəkildə fəaliyyət göstərir, müxtəlif fəsadlar və patologiyalar yaranmır".
Onun sözlərinə görə, ekoloji problemlər və ətraf mühitin çirklənməsi insan sağlamlığı üçün ciddi risklər yaradır: "Bu gün dünyada ekoloji tarazlığın pozulması ilə bağlı problemlər geniş müzakirə olunur. Bütün ölkələr bu məsələdən danışır. Radiasiya, müharibələr, çirkli qida və sular insan orqanizmini zəhərləyir. Bu amillərin təsiri və tez-tez baş verən dəyişikliklər insan orqanizminə mənfi təsir göstərərək orqanlarda müxtəlif funksiyaların pozulmasına gətirib çıxarır".
Fatimə Məmmədova
16:34 09.06.2026
Oxunuş sayı: 53