Berlində azərbaycanlı ifaçı Orxan Zeynallının konserti keçirilib
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun və Almaniya Azərbaycanlıları Alyansının dəstəyi ilə Almaniyanın paytaxtı Berlində 28 May – Müstəqillik Gününə həsr olunan konsert keçirilib.
Crossmedia.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Almaniya ilə yanaşı, Birləşmiş Krallıq, İsveç, Çexiya, Polşa, Fransa və digər ölkələrdən yüzlərlə soydaşımızın qatıldığı konsertdə azərbaycanlı reper Orxan Zeynallı və müğənni Nərgiz Məcidlinin ifaları zövq oxşayıb. Reperin xüsusilə milli vətənpərvərlik ruhunda olan və milli dəyərlərimizin təbliğinə həsr olunan mahnıları böyük coşğu ilə qarşılanıb.
Konsertdə dünyanın bir çox ölkələrində Müstəqillik Günü münasibətilə tədbirlərin təşkilinin, bu bayramın xaricdə yaşayan soydaşlarımızla birgə qeyd olunmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Diaspor nümayəndələrinin bir araya gəlməsi, milli həmrəyliyin möhkəmləndirilməsi və Azərbaycan mədəniyyətinin təbliği baxımından konsert xüsusi əhəmiyyət daşıyıb.
16:16 09.06.2026
Oxunuş sayı: 51