Maduro hakimiyyətdən devriləcəyi halda ağır vəziyyətlə üzləşə bilər- Politoloq
ABŞ Prezidenti Donald Tramp noyabrın 21-də venesuelalı həmkarı Nikolas Maduro ilə telefon danışığı zamanı ondan ölkəsindən bir həftə ərzində getməsini tələb edib.Agentliyin mənbələrinin sözlərinə görə, liderlər arasında söhbət 15 dəqiqədən az davam edib. Danışıq zamanı Tramp Maduroya ailəsi ilə birlikdə Venesuelanı tərk etmək və istədiyi yerə getmək üçün bir həftə vaxtının olduğunu bildirib. Məqalədə bu müddətin 28 noyabr cümə günü başa çatdığı aydınlaşdırılıb. Buna cavab olaraq Tramp 29 noyabrda "Truth Social"da yazıb ki, bütün aviaşirkətlər, pilotlar, narkotik və insan alverçiləri Venesuela üzərindəki hava məkanını tamamilə bağlamalıdırlar.
Agentliyin məlumatına görə, Maduro ailə üzvlərinə bütün ABŞ sanksiyalarının ləğvi də daxil olmaqla tam hüquqi əfv veriləcəyi təqdirdə ölkəni tərk etməyə hazır olduğunu bildirib. Maduro həmçinin Beynəlxalq Cinayət Məhkəməsində ona qarşı aparılan proseslərin dayandırılmasını və ABŞ-nin Venesuelanın 100 rəsmisinə qarşı sanksiyalarının ləğv olunmasını tələb edib. Bundan əlavə, o, həmçinin vurğulayıb ki, Venesuelanın icraçı Vitse-prezidenti Delsi Rodriqez yeni seçkilər keçirilənə qədər keçid hökumətinə rəhbərlik etməlidir.
Mənbələrin sözlərinə görə, Tramp Maduronun tələblərinin əksəriyyətini rədd edib. Agentliyin məlumatına görə, Maduronun Venesueladan mümkün gedişi ilə bağlı danışıqlar davam edə bilər.
Trampın Venesuela ilə bağlı olan siyasəti nə ilə nəticələnəcək və
Nikolas Maduroya olan ultimatumun nəticəsi nə ola bilər?
Bununla bağlı politoloq Zeynal Əmrəliyev Crossmedia.az-a açıqlama verib:

"Tramp Administrasiyasının Venesuela siyasətinin əsas məqsədlərindən biri Maduronu hakimiyyətdən uzaqlaşdırmaqdır. Bunun arxasında dayanan başlıca səbəblərdən biri Venesuelanın zəngin təbii resursları, xüsusilə də dünyanın ən böyük neft ehtiyatlarına sahib olmasıdır. ABŞ üçün coğrafi baxımdan yaxın olan bu ölkənin enerji sərvətlərini nəzarətə götürmək strateji əhəmiyyət daşıyır. Bu səbəbdən Vaşinqton Maduro hakimiyyətini zəiflətməyə və onu siyasi səhnədən kənarlaşdırmağa çalışır.
Nikolas Maduro, Uqo Çavesin siyasi varisi kimi hakimiyyətə gəlib və onun solçu, ABŞ əleyhdarı xəttini davam etdirir. Venesuelanın Rusiya və Çinlə yaxın əməkdaşlıq qurması da ABŞ-də ciddi narahatlıq yaradan amillərdəndir. Mövcud proseslər göstərir ki, ABŞ Maduro hökumətini devirmək məsələsində israrlıdır.
Maduro könüllü şəkildə hakimiyyətdən getməsə, ABŞ-nin Venesuelaya hərbi müdaxilə ehtimalı müzakirə mövzusu olaraq qalır. Hazırkı geosiyasi vəziyyət də bu ehtimalı qismən gücləndirir: Rusiyanın Ukrayna müharibəsinə fokuslanması Kreml üçün Venesuelaya dəstək imkanlarını məhdudlaşdırır, Çin isə Venesuela naminə ABŞ-la hərbi qarşıdurmaya girməyə maraqlı görünmür. Bu isə ABŞ-nin bölgədə daha sərbəst hərəkət etməsinə şərait yaradır".
Müsahibimiz söyləyib ki, bununla belə, ABŞ administrasiyasının birbaşa hərbi müdaxiləyə əl atması Trampın siyasi imicinə mənfi təsir göstərə bilər: "Bu səbəbdən Vaşinqton ilk növbədə diplomatik və iqtisadi təzyiq alətlərindən istifadə edərək Maduronu istefaya məcbur etməyə çalışacaq.
Maduronun hakimiyyətdən getməməsi onun üçün ciddi risklər yarada bilər. Bəzən Səddam Hüseynlə müqayisələr səsləndirilsə də, bu yanaşma düzgün deyil: Venesuela nə coğrafi, nə tarixi, nə də siyasi sistem baxımından İraqla eyni deyil. Bununla belə, Maduro hakimiyyətdən devriləcəyi halda ağır vəziyyətlə üzləşə bilər və böyük ehtimalla özünə yaxın olan ölkələrdən birinə mühacirət etməyə məcbur qalacaq".
Gülbəniz Bayramova
21:43 02.12.2025
Oxunuş sayı: 743